"Zaman hər dərdin əlacıdır" deyirlər. Ötən zaman dərdi unutdurur ya da biz dərdlərlə yaşamağa öyrəşirik. Ancaq bir dərd var ki, nə qədər illər keçsə də yaşı artmır. İlk gün olduğu ki, ürəyimizdə "tər" qalır. Gün keçdikcə sızıltısını daha çox hiss edirik. Hər dəfə "şəhid" kəlməsini duyanda o yara daha da dərinləşir. Gözü yaşlı anaların gözündə anamızın surətin görürük. Axı analar balalara eyni cür ağlayır. Axı şəhidlər bütün anaların balalarıdı. Şəhadətindən 19 il ötsə də adı qəlbimizdən silinməyən Sarıyev Maarif Əlimusa oğlu.
Maarif 1980-ci il avqustun 19-da Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində Əlimusa Sarıyevin və Böyükxanım xanımın ocağında dünyaya göz açıb. Qayğıkeş, zəhmətkeş ailənin alın təri ilə böyütdüyü dörd körpənin biri doğulan gündən ailənin çiyinlərinə qəm yükü yükləyib. Qübarlı ata, ana Allahın verdiyi övladlara hər zaman şükür edib. Ailənin ikinci övladı olan Maarif 1987-ci ildə şəhid Rahim Abdullayev adına məktəbdə təhsil alıb. 1998-ci ildə orta məktəbi bitirdikdən sonra peşə məktəbinə daxil olub. Dərin Özüllər Zavodunun nəzdində qaynaqçı peşəsinə yiyələnib. Cılız cüssəli bu gəncin ürəyində böyük sevgisi olub. Hərbi xidmətə getmək zamanı gəldiyində onun çəkisinin az olması səbəbindən 6 ay onu hərbi xidmətə aparmayıblar. Ancaq Maarif dəfələrlə komissarlığa müraciət edib və təkidlə hərbi xidmətə yollanıb. Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən Maarif hər addımı ilə komandanlığın etimadını doğruldub. O əvvəlcə manqa komandiri, sonra kiçik çavuş, daha sonra isə çavuş tağım komandirinin müavini təyin olunub.
Maarifin ürəyi qisas hissi ilə alışıb yanırdı. O 1994-cü ildə şəhid olan qohumu Novruz və itkin düşən qohumu Nəbinin intiqamını almağı söz vermişdi. İllərlə anasının bəyaz saçlarına iz salan bu dərd Maarifin gözlərindən hiss olunurdu. Mərd ürəkli, qorxu nədir bilməyən qəhrəman düşməndən qisasını layiqincə alıb. Döyüş zamanı yanlarına F 1 qumbarası düşərkən ilk ağlına gələn ətrafındakı döyüş yoldaşlarının həyatını xilas etmək olub. Öz canını düşünmədən yoldaşlarına "qaçın" deyib və özünü qumbaranın üstünə atıb. Qəhrəman oğul şəhidlərin qisasın alıb sonda neçə-neçə oğulun həyatını xilas edib. Neçə ananı oğul dərdindən qurtaran Maarif Böyükxanım ananın illərdi qanayan şəhid dərdini daha da dərinləşdirdi. Qubalıbaloğlan kəndi daha bir qəhrəman şəhidinə əbədi məzar oldu. Sarıyev Maarif Əlimusa oğlu 2002-ci il fevralın 2-də Qubalıbaloğlan kənd qəbirsanlığında əbədiyyətə qovuşdu. Bu torpaq neçə-neçə qəhrəmanın uyuduğu müqəddəs torpaqdır.
Şəhidimiz Sarıyev Maarif Əlimusa oğlunun adı Hacıqabul rayonu Qubalıbaloğlan kəndində bir küçəyə verilərək əbədiləşdirilib. Həmçinin şəhidin adını qardaşı Zaurun oğlu Maarif qürurla daşıyır. O əmisinin yolunun davamçısı olmaq üçün hər vəchlə çalışır. Gələcəkdə şəhid əmisinin formasını geyinmək, onun və bütün şəhidlərin intiqamın almaq Maarifin ən böyük arzusudur. Əbəs deyilməyib "şəhidlər bir ölüb, min dirilər". Bu günlərdə biz bunun şahidi olduq. Şəhidlərin davamçıları şəhidlərin can verdikləri Qarabağı qarış-qarış azad etdilər. İndi şəhid ruhları Qarabağda ucalan şanlı bayrağımızı görüb şad olur.
ŞƏHİD MAARİF
Torpağa laylay deyir,
Şəhidlərin son səsi.
Torpaq köksün dağlayır,
Şəhidin son nəfəsi.
Sənin son nəfəsindən,
Mədət tapdı neçə can.
Göstərdiyin şücaət,
Oldu dillərə dastan.
Aldın intiqamını,
Neçə günahsız canın.
Torpağıma qarışdı,
Sənin müqəddəs qanın.
Qısa ömrə sığdırdın,
Bitməyən qəhrəmanlıq.
İgidlər sayəsində,
İşıq oldu qaranlıq.
Maarif, sən tarixlərin,
Köhnəlməz dünənisən.
Xalqımın, millətimin,
Müqəddəs and yerisən.
Manya Səxavətqızı