İsrailin İrana zərbələr endirməsi ilə bağlı tərəflər – nə Tehran, nə Təl-Əviv ad çəkməsə də, hücumun hardan edildiyi bəllidir. Və regionda yeni, həm də Ukrayna müharibəsi qədər böyük toqquşmanın anonsu hesab ediləcək hücumun niyə indi baş verməsi maraqlıdır.
Hücumdan bir neçə gün öncə BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmisi Rafael Mariano Qrossi bəyan etdi ki, “İran bir yox, bir neçə nüvə silahı əldə edə biləcək qədər zənginləşdirilmiş urana malikdir”.
Bu açıqlama İranın nüvə proqramı ilə bağlı həyacan siqnalı hesab edilə bilər, hərçənd, belə xəbərdarlıqlar ilk dəfə deyil. Burada əsas məqam İrana zərbələrin Qrossinin açıqlamasından sonra endirilməsi, yaxud bu açıqlamanın niyə indi verilməsi – Tehranın nüvə silahı əldə edə biləcəyi perspektivinin yenidən gündəmə gətirilməsidir.
Ötən il başlanan Vyana danışıqlarının konkret nəticələri olmadı: İranın Ukrayna müharibəsi, ABŞ-Rusiya qarşıdurması və neft bazarında ehtiyacın artması fonunda şərtlərini kəskinləşdirməsi, prosesi dalana dirəyir; bu, Tehranın danışıqları uzatmaq və uranı zənginləşdirmək üçün vaxt qazanmaq taktikasıdır, Ukraynada müharibənin davam etməsi bu prosesdə ona sərf edir;
Vaşinqton son dövrlər sərgilədiyi mövqe ilə İranın taktikasından xəbərdar olduğunu göstərir. Bunun fonunda iki hadisə də hücum qərarını gücləndirən amillərdəndir:
- İranda etirazların başlanması rejimin “qan itirməsi”, xüsusilə mümkün toqquşmada daxili dəstəyinin əvvəlki qədər olmaması reallığını yaradıb;
- İsraildə “İrana hücum” xəttinin əsas müdafiəçisi Benyamin Netanyahu yenidən baş nazir postuna gəldi;
İstisna deyil ki, Trampı nüvə danışıqlarından çıxmağa sövq edən Netanyahu Baydeni də zərbənin endirilməsi üçün unikal vaxtın olduğuna inandıra bilib.
- Vaşinqton İranın nüvə proqramına qarşı hərbi müdaxilə də daxil olmaqla bütün addımlardan istifadə edilə biləcəyini açıqladı;
- 25 yanvarda ABŞ və İsrail ordusu Aralıq dənizində uzaqmənzilli raketlərin də istifadə edildiyi ortaq təlimə start verdi: İsrail mediası (“Yediot Ahronot” qəzeti) İranın nüvə obyektlərinə hücum ssenarisinin məşq edildiyini yazıb;
- 26 yanvarda BMT-nin nüvə üzrə rəsmisi Qrossi “İranın uranı bir neçə nüvə silahı əldə edə biləcək qədər zənginləşdirdiyi”ni gündəmə gətirdi;
Hadisələrin inkişafı İrana zərbələrin endirilməsi yönündə inkişaf edib. Və Qrossinin açıqlamasının, əslində endirilən zərbələrə beynəlxalq legitimlik qazandırmaq məqsədi daşıdığı görünür.
“Əl-Cəzirə”nin məlumatına görə, İranın 5 hərbi obyektinə zərbə endirilib:
1. İsfəhanda hərbi-hava bazası;
2. Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində hərbi zavod;
3. Şərqi Azərbaycan vilayətinin Azərşəhr şəhərində silah-sursat və PUA istehsal mərkəzi, həmçinin, neft emalı zavodu;
4. Kərəcdə hərbi aviabaza;
5. Həmədan şəhərində hərbi baza;
Hücumun nüvə obyektlərinə yox, hərbi bazalara endirilməsi səbəbsiz deyil.
a) İranın nüvə obyektlərinin müxtəlif istiqamətlərdə yerləşməsi dəqiq zərbələri çətinləşdirir;
b) İsrailin bu obyektlərə dəqiq zərbələr endirəcək silahı yoxdur: məlumata görə, belə silahın (GBU-57 bombası) ABŞ-dan alınması istiqamətində danışıqlar gedir;
Bu kontekstdə İranın hərbi obyektlərinə endirilən zərbələrin iki hədəfinin olduğunu demək mümkündür:
Birincisi, Tehrana, atılacaq addımların praktiki olaraq göstərilməsidir;
İsrail üçün nüvə obyektlərinə zərbə endirmək imkanı hələ çətin olsa da, ABŞ üçün Ukraynada Rusiya ilə toqquşmanın davam etdiyi vaxt İranla genişmiqyaslı müharibənin nə qədər sərfəli olduğu sual altındadır:
- Mümkün müharibə, diqqətin Ukraynadan yayınmasına və Rusiyanın əlinin güclənməsinə şərait yarada bilər;
- Ukrayna cəbhəsinə paralel ikinci cəbhədə aktiv müharibə hərbi və siyasi baxımdan problemlərə yol aça bilər;
Hücum İranı nüvə masasına qayıtmağa və razılaşmağa məcbur etmək kimi görünür. Hücumdan bir gün sonra – 30 yanvar tarixində Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Taninin Tehran səfəri də bu kontekstdə təsadüfi deyil. İran xarici işlər naziri Abdullahian Əl-Tani ilə görüşdə bildirdi ki, “Qətərli həmkarı nüvə danışıqları üzrə JCPOA (Hərtərəfli Birgə Fəaliyyət Planı) tərəflərinin mesajlarını gətirib”. Görünür, Vaşinqton hücumlara paralel olaraq, qətərli nazir vasitəsilə İrana siyasi mesajlar da göndərib və endirilən zərbələr Tehranı razılığa məcbur etməyə hesablanıb;
İkincisi, İranın Rusiya ordusunu silahlandırmasına qarşı addım atıldı;
Bu hücumu ABŞ-ın “bir daşla iki quş vurması”na bənzətmək olar. İrana nüvə proqramı üzrə praktiki xəbərdarlıqla yanaşı, PUA istehsalı mərkəzinin hədəf seçilməsi ilə Moskvanın silahlandırılmasının nəticəsinin nə olacağı da göstərildi.
Baş verənləri böyük müharibənin anonsu, yaxud masada anlaşma olmasa, böyük hücumun olacağının xəbərdarlığı hesab etmək olar. Zərbələrdən sonra İranın nüvə proqramı üzrə izləyəcəyi siyasət proseslərin inkişafına da təsir edəcək. Hərçənd, masada müzakirələr yenidən başlansa belə, İsrailin İran daxilindəki hərbi obyektlərə, eləcə də Suriya və İraqda Tehrana bağlı hədəflərə zərbələr endirməyə davam edəcəyi perspektivi aydın görünür.
Asif Nərimanlı