Təxminən bir ildir ləğvi gözlənilən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə bağlı həlledici qərar verilib. Belə ki, hələlik bu komitənin ləğvi gündəlikdə deyil. Bu barədə Qaynarinfo.Az-a etibarlı mənbələrdən məlumat daxil olub.
Xatırladaq ki, hələ ötən ilin ortalarından başlayaraq, Ramiz Həsənovun rəhbərlik etdiyi komitədə çoxsaylı ixtisarlar aparılıb. Həmin vaxt bu ixtisarların sözügedən qurumun ləğvi ilə yekunlaşacağına dair iddialar dolaşırdı. Onda belə iddialar təkzib edilsə də, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) ləğvi barədə KİV-də davamlı xəbərlər dolaşırdı.
Bu ilin əvvəlində isə daxil olan məlumatda deyilirdi ki, sözügedən qurumun səlahiyyətləri əsasən Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyinə veriləcək.
O vaxt da yazmışdıq ki, R. Həsənovla iqtisadiyyat naziri Şahin Mustafayev arasında uzun müddət "soyuq savaş” hökm sürüb. Buna səbəb iki qurumun müəssisələrdə yoxlamaların aparılması ilə bağlı səlahiyyətləri bölüşdürə bilməməsi olub. Daha doğrusu, həm adıçəkilən komitənin, həm də sözügedən nazirliyin yoxlamalarla bağlı oxşar funksiyaları onları zaman-zaman qarşı-qarşıya gətirib.
Son iki ildə nazirliklə komitə arasında "açıq savaş” səngimişdi. Son bir ildə isə Həsənovun komitəsinin məlum yoxlamaları həyata keçirməsi maksimum məhdudlaşdırılıb.
Belə ki, Ramiz Həsənov tamamilə işsiz qalmaqdansa, rəhbəri olduğu komitənin varlığını davam etdirməsinə razılaşıb. Hazırda SMPDK əvvəlki funksionallığını xeyli itirsə də, onun ləğvi məsələsi artıq gündəmdə deyil.
Bunun əsas səbəbi kimi isə komitə sədrinin yuxarı dairələrdə şəxsi nüfuzunun yüksək olması göstərilir. Elə bu da ona SMPDK-nin ləğvinin təxirə salınmasına dair ümumi razılığın əldə olunmasına gətirib çıxarıb.
İddialara görə, iqtisadiyyat naziri də adıçəkilən komitəni öz nəzarətində görmək istəyir. Ancaq onun bu istəyi bir neçə ildir istək olaraq da qalır. Xatırladaq ki, adıçəkilən komitə 2001-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi kimi yaradılıb.
"Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında" ölkə başçısının 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə isə həmin agentliyin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsifəaliyyətə başlayıb.
Komitə Azərbaycan Respublikasının texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Bir sıra müstəqil ekspertlər də bu komitənin ayrıca qurum kimi deyil, İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməsini daha doğru hesab edirlər. Bildirilir ki, bu, Azərbaycanda hökumətin optimallaşdırılması istiqamətində atılmış yaxşı addım olardı.
Amma belə görünür, həmin addımın atılmasını hələ bir müddət də gözləmək lazım gələcək. Ən azı Ramiz Həsənovun komitənin ləğvi istiqamətində səylərə müqaviməti bu cür düşünməyə əsas verir...
MilliYol.Az
Digər xəbərlər
loading...