Xarici ölkələrə gəmi lövbərlərinin satışı ilə məşğul olan azərbaycanlı şirkət rəhbəri Dövlət Gömrük Komitəsi tərəfindən süründürməçiliyə məruz qaldığını iddia edir.
"Qafqazinfo”ya daxil olan şikayət məktubunda qeyd olunub ki, "Corporation Vvide Profile Of Az Metal” şirkəti 5 ildən çoxdur misdən hazırlanan gəmi lövbərlərinin istehsalı və xaricə ixracı ilə məşğuldur.
Şirkətin rəhbəri Qamət Ağazadə bildirib ki, Komitənin sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Bakı Baş Gömrük İdarəsinə İsmayıl Hüseynovu rəis əvəzi təyin etdikdən sonra həmin qurumda süründürməçilik halları başlayıb: "Biz illərdir, bu işi görürük. Ona görə də şirkətimiz bütün sənədləri qanunauyğun şəkildə hazırlayıb, lazımi prosedurları keçib, rüsumlarını ödəyib. Ona görə də heç vaxt problem yaşamamışıq. Qısaca izah etsəm, xaricə mal ixracı üçün lazım olan gömrük bəyannaməsi, invoys, maşının sənədləri, kontrakt, məişət sertifikatı, uyğunluq sertifikatı və qalan hər bir xırda detalı peşəkar əməkdaşlarımız hazırlayıb ixracatı həyata keçiriblər. Bir sıra xarici şirkətlərlə kontraktlarımız var. Biz ölkə iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna töhvə veririk. Ölkəyə pul gətiririk. Amma general İsmayıl Hüseynov artıq daha bir sahibkarı küsdürüb bazardan çıxarmaq üzrədir. Bunun bir adı var: inhisarçılıq”.
Şikayətçi qeyd edir ki, ötən ilin sonlarında aldıqları sifarişləri xaricə göndərmək üçün bir neçə maşın yükü hazırlayıb sənədləşmə üçün Bakı Baş Gömrük İdarəsinə gətiriblər. Sənədlərdə heç bir problem olmadığı üçün birinci maşın buraxılıb. Lakin sonra idarədən bildiriblər ki, şirkətin uyğunluq sertifikatı qaydasında deyil: "Uyğunluq sertifikatı odur ki, yəni bizim mallarımız ekspertizadan keçib, keyfiyyətlidir. Yəni sənədlərdə göstərdiyimiz metalın növünə uyğundur. Təsəvvür edin, eyni sertifikatla bir maşını buraxırlar, sonrakı maşınları yox. Sertifikat etibarsız idisə, birinci maşını niyə buraxırdılar bəs? Bu sualı orada verəndə, nədənsə cavab verən tapılmır.
Sertifikatda saxtakarlıq varsa, versinlər prokurorluğa, araşdırılsın. Biz sertifkatı İqtisadiyyat Nazirliyi tərəfindən fəaliyyətinə rəsmi icazə verilmiş "Seltux” şirkəti tərəfindən almışıq. Yəni bu şirkətə nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Akkreditasiya Mərkəzi səlahiyyət verib ki, bu sahədə uyğunluq yoxlaması apara bilərsən. Biz də bu sertifikatı almaq üçün pul ödəmişik. Nəzərə alın ki, hər gün bir maşın üçün gömrüyün həyətində dayanmağa 100 dollar haqq alınır. İki maşınımız 20 gündür ki, oradadır. Təsəvvür edin ki, DGK bir sahibkarı nə qədər ziyana salır”.
Sahibkarın sözlərinə görə, etirazlardan sonra Bakı Baş Gömrük İdarəsindən bir şəxs bildirib ki, sertifikatı Azərbaycan Standartlaşdırma İnstitutundan (Azstand) almalıdırlar. Lakin 2 dəfə "Azstand”a müraciət etmələrinə baxmayaraq, buradan sertifikat verilməyib: "Təbii ki, burada İsmayıl Hüseynovun öz şəxsi marağı var. Qeyri-rəsmi göstəriş verib ki, bizim kimi mis katod ixracatı ilə məşğul olan şirkətlərə sertifikat verilməsin. Bununla da o qeyd etdiyim metal sahəsi üzrə monopoliya yaradır. İstəyir ki, bu sahəni öz biznesinə çevirsin. Bu metalı ondan başqası yığıb istehsal etməsin. Biz kiçik sahibkarlarıq. Malın tonunda 50 dollar qazanırıq, deyirik Allah bərəkət versin. Biz İsmayıl Hüseynov kimi milyonlar qazanmaq arzusunda deyilik.
Ay qardaş, lap mənim malım keyfiyyətsizdir. Bunun gömrüyə nə aidiyyəti var? Alan razı, satan razı. Yəni bunu mən bilərəm, alıcı bilər. Alıcı dəfələrlə bu maldan alıb. Gömrük Komitəsi niyə mənim satışıma maneə törətməkdə maraqlıdır?”
Məsələ ilə bağlı "Sertus” MMC-nin direktoru Emil Eynullayev bildirib ki, "Sertus” MMC Azərbaycan Akreditasiya Mərkəzinin sertifikasiyasından keçib: "Dövlət qurumu bizə rəsmi səlahiyyət verib. Biz hər 3 ildən bir bunun üçün müraciət edirik. İstehsalat prosesinə baxıb məhsula uyğunluq sertifikatı veririk. Verdiyimiz sertifikatlar bütün dövlət qurumlarında tanınır. Əgər mən dövlət akreditasiyasından keçmişəmsə, deməli, mənim verdiyim sertifikat ölkə üzrə rəsmi tanınır. Ona görə Dövlət Gömrük Komitəsinin bu barədəki göstərişləri qanunsuzdur”.
Qeyd edək ki, İsmayıl Hüseynov 2001-ci ildən gömrük orqanlarında çalışır. Gömrük general-leytenantıdır. 2018-ci ildə Komitə sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Daha çox əvvəlki sədr Səfər Mehdiyevin kadrı kimi tanınıb. Şahin Bağırov DGK-ə sədr əvəzi təyin olunandan sonra İsmayıl Hüseynovu Bakı Baş Gömrük İdarəsinə müvəqqəti sədr göndərib.
Digər xəbərlər
loading...