Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verdi. Bu müsahibədə prezident Çin və Azərbaycan münasibətlərini hərtərəfli təqdim etdi.
Bildiyimiz kimi Azərbaycanla Çin arasında qarşılıqlı hörmət var. Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırdı. Eyni zamanda iki ölkənin əməkdaşlığı üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq Azərbaycanla Çinin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir.
İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Məlumdur ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Buna görə də bu səylər birləşməlidir.
Könül İsmayılova - Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şurasının və İH-nin üzvü
Milliyol.az