“AzerGold” QSC Daşkəsən rayonunda qızıl tərkibli filizlərin flotasiya texnologiyası ilə zənginləşdirilməsi zavodunun tikintisi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.
MilliYol.Az şirkətin açıqlamasını olduğu kimi təqdim edir:
"Son günlərdə bəzi media subyektlərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənində qiymətli metal filizlərinin çən aşındırma metodu (CIL – Carbon in Leach) əsasında emalını nəzərdə tutan zənginləşdirmə zavodunun inşası layihəsi ilə bağlı “Turan” İnformasiya Agentliyinə istinadən məqalə yayımlanmışdır.
Bildirmək istərdik ki, məqalədə dağ-mədən sahəsinin spesifik xüsusiyyətləri barədə kifayət qədər məlumatlılığın olmaması səbəbindən bir sıra vacib məqamlarla bağlı qeyri-düzgün və ya tam aydın olmayan təhlillər aparılmışdır. Bunu sözügedən sahənin ölkəmiz üçün nisbətən yeni sahə olması ilə əlaqələndirmək olar.
İlk növbədə qeyd edilməlidir ki, "AzerGold" QSC 2017-ci ildən etibarən “Çovdar” qızıl yatağında hasilat fəaliyyəti ilə yanaşı, mədənin istismar müddətinin artırılması, fasiləsiz istehsalat prosesinin təmin edilməsi məqsədilə davam etdirdiyi geoloji kəşfiyyat işləri nəticəsində sözügedən mədənin çıxarılabilən qızıl ehtiyatlarını 179 min unsiyadan 561 min unsiyayadək artırmışdır. Üstəlik, Cəmiyyət, geoloqları tərəfindən regionda kəşf edilmiş “Ağyoxuş” qızıl yataqlar qrupu və “Mərəh” qızıl yatağı, eləcə də “Tülallar” qızıl yatağı hesabına ehtiyat bazasının 735 min unsiyaya çatdırılmasına nail olmuşdur. Sözügedən yataqlardan hasil ediləcək filizlərin istehsalı prosesində mövcud maddi-texniki resurslardan mərkəzləşləşdirilmiş qaydada istifadə edilməsi, həmçinin müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan bu yataqların iqtisadi səmərəliliyinin təmin edilməsi üçün nisbətən yaxınlıqda yerləşən “Çovdar” qızıl mədənin bazasında regional mərkəz – Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) yaradılmışdır. ÇİRES-in yaradılması və tam gücü ilə işə başlaması ayrı-ayrılıqda mədən layihələrinin kapital və əməliyyat xərclərinin azaldılması, istehsal proseslərinin davamlılığının təmin edilməsi ilə yanaşı, həm də ətraf mühitə təsirlərin azaldılması və bölgədə iqtisadi fəallığın artırılması baxımından müstəsna əhəmiyyətə malikdir.
Yataqlardan hasil ediləcək filizlərə gəlincə, qeyd edilməlidir ki, faydalı komponentin çıxarılmasına təsir edən xüsusiyyətlərə görə, filizlər oksid və sulfid filizləri olmaqla iki cür təsnifatlandırılır. Oksid filizləri sulfidli filizlərin ekzogen (təbii) proseslər nəticəsində aşınması ilə əmələ gəlmiş, təbii proseslər nəticəsində aşınmış filizlərin tərkibindəki qızıl və gümüşün nisbətən sərbəstləşdiyi filizlərə deyilir. Eyni zamanda oksid və sulfid filizləri arasında aralıq filizləri də var ki, onlar elmi ədəbiyyatda “tranzit” filizləri (oksid-sulfid qarışıqlı filizlər) adlandırılır.
Oksid filizlərindən qızıl və gümüşün çıxarılması topa aşındırma (və ya topa qələviləşdirmə) üsulu əsasında, müəyyən ölçüdə xırdalanma və sianidli məhlulla çökdürülmə yolu ilə həyata keçirilir. Lakin qismən tranzit (oksid-sulfid qarışıqlı filizlər) və xüsusən sulfid filizlərində bu metodun tətbiqi zamanı qızıl çıxımı dərəcəsi aşağı düşdüyü üçün bu emal metodu iqtisadi cəhətdən rentabelli deyil. Bu səbəbdən tranzit və sulfid filizlərinin ilk olaraq süni yolla aşındırılması tələb olunur. Yalnız bundan sonra qızılın çökdürülməsi və qaneedici miqdarda çıxımının təmin edilməsi mümkün olur. Süni aşındırma üçün “Albion”, “Biox”, “Leachox”, CIL və s. kimi bir çox metodoloji emal həlləri mövcuddur.
ÇİRES-də emalı nəzərdə tutulan bütün növ filizlər üzrə emal metodunun müəyyənləşdirilməsi üçün geniş metallurji tədqiqatlar aparılıb, beynəlxalq nüfuzlu məsləhətçi “MICON INTERNATIONAL CO LIMITED” şirkəti tərəfindən 8 ay ərzində Təfərrüatlı Texniki-İqtisadi Əsaslandırma (TTİƏ) və İlkin Layihələndirmə sənədləri hazırlanıb. Layihə sənədlərinə əsasən, maksimum effektliyin təmin edilməsi üçün aşağı dərəcəli oksidli filizlərin topa qələviləşdirmə, yuxarı dərəcəli oksidli və əsasən də sulfidli filizlərin isə çən aşındırma metodu ilə emalı planlaşdırılır.
Layihə üzrə fasiləsiz hasilat prosesinin təmin edilməsi məqsədilə CIL emal zavodunun, həmçinin filiz tullantıları anbarının inşası, Qoşqarçay çayından texniki su boru xəttinin çəkilməsi nəzərə alınmaqla layihənin mühəndislik, təchizat və tikinti mərhələsinin icrası üçün ən azı 16-20 aylıq müddət tələb olunur. Müvafiq iş həcmlərinin hazırlanması və layihə idarəetmə xidmətlərinin icrası məqsədilə beynəlxalq nüfuzlu “Heerim Architects & Planners Co” şirkəti prosesə cəlb edilib. Sözügedən şirkət tərəfindən yeni infrastrukturun layihələndirməsi, təchizatı və tikintisi prosesinin qısa müddətdə həyata keçirilməsi zərurəti, həmçinin filizlərin metallurji xüsusiyyətlərinin mürəkkəb olması, coğrafi yerləşmə, relyef və iqlim şəraiti kimi mövcud çətinliklər nəzərə alınmaqla, müvafiq araşdırma aparılıb, bu sahədə ən təcrübəli şirkətlərdən təkliflər toplanılıb. Aparılan qiymətləndirmə nəticəsində kommersiya, layihənin icra müddəti və texniki baxımdan daha əlverişli təklif verən və inşaat işlərində beynəlxalq təcrübəyə malik olan “MAQRO CONSTRUCTION” MMC ilə istismara hazır vəziyyətdə təhvil verilmə şərti ilə EPC (Engineering, procurement, and construction) tipli müqavilənin imzalanması tövsiyə edilib. Həmçinin bu müqavilə üzrə layihəyə avadanlıqların təchizatı üzrə subpodratçı qismində cəlb edilən mədən sənayesində layihə dizaynı, mühəndislik, avadanlıqların təchizi və quraşdırılması və tikinti sahəsində 19 illik təcrübəyə malik “YPT Makina Dış Ticaret A.Ş.” şirkətinin eyni tipli bir çox layihələrdə daha öncə iştirak etməsi, ölkəmizdə əlvan metal filizi yataqlarının istismarı ilə məşğul olan “Anglo Asian Mining” şirkəti ilə əməkdaşlıq təcrübəsinin olduğu qeyd edilməlidir.
Bütün bunlar nəzərə alınaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ÇİRES-də planlaşdırılan inşaat işlərinin nəzərdə tutulan müddətdə təmin edilməsi üçün 07.02.2022-ci il tarixində “MAQRO CONSTRUCTION” MMC ilə ƏDV daxil 135,700,000.00 ABŞ dolları məbləğində müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, CIL zavodunun inşasının 2023-cü ildə tamamlanması nəzərdə tutulur.
Çən aşındırma metodologiyasına əsaslanan yeni istehsalat infrastrukturunun yaradılması ilə ilkin mərhələdə 2029-cu ilədək qeyd olunan filizlərin emalı həyata keçirilməklə yanaşı, yaxın gələcəkdə yeni yataqların kəşfi ilə fəaliyyət müddətinin artırılması hədəflənib. Beləliklə, Təfərrüatlı Texniki-İqtisadi Əsaslandırma sənədi üzrə ÇİRES-in 8 illik istismar müddəti ərzində 451 min unsiya qızıl hasil edilməsi nəzərdə tutulur. Layihənin maliyyə modelində Xalis Cari Dəyər (NPV) 20.4 milyon ABŞ dolları, Daxili Gəlirlilik Dərəcəsi (IRR) isə 14% olaraq hesablanıb. Bununla belə “Çovdar” mədənin sulfid mərhələsi üzrə aparılan rekonsilasiya işləri və “Tülallar” yatağının proqnozlaşdırılan ehtiyatlarının “RPMGlobal” məsləhət şirkəti tərəfindən yenidən hesablanması nəticəsində çıxarılabilən ümumi qızıl ehtiyatlarının 492 min unsiyaya çatdırılmasına nail olunub.
Qeyd olunan layihəyə investisiya qoyuluşu əsas kapitalın artırılması və yeniləndirilməsi, innovasiyalı inkişaf, infrastruktur təkmilləşmələrinin həyata keçirilməsinə və istehsalın səmərəliyini yüksəldən digər bu kimi vəzifələrin icrasına yönəldilməklə sözsüz ki, regionun sosial-iqtisadi artımına, ölkəmizin qeyri-neft sektorunun tərəqqisinə töhfələr verəcəkdir. Heç şübhəsiz, investisiya xərcləri nəticəsində uzunmüddətli gəlir gətirəcək emal müəssisəsi hasilata başladığı ilk ildən mənfəətlə çalışan dövlət şirkəti olaraq “AzerGold” QSC-nin dayanıqlı inkişafı üçün əsas faktorlardan biri hesab edilir. Çünki nəzərə alınmalıdır ki, hər bir yatağın istismarı geoloji kəşfiyyat, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, tikinti-quraşdırma işlərinin aparılması və digər bu kimi bir neçə uzunmüddətli mərhələninin icrasını tələb edir. Ona görə də mədənçilik sahəsində əsas investisiyalar məhz bu mərhələdə icra olunan hazırlıq işlərinə yönəldilir ki, nəticədə yeni yataqların istismara verilməsi ilə ölkə iqtisadiyyatına davamlı töhfələrin verilməsi təmin edilir. Bu xüsusda investisiya həcmi heç bir halda bu və ya digər şirkətin əldə etdiyi mənfəətlə müqayisə edilməməlidir".