Vüsal Məmmədov: “İslam coğrafiyasında heç vaxt, tarixin heç bir dövründə sülh və sabitlik olmayıb, olmayacaq da...”
Azər Qaramanlı: “Baş verənlər qətiyyən dinin mahiyyəti ilə əlaqədar deyil. Bu vəziyyətin yaranmasına səbəb müsəlman ölkələrinin geosiyasi üstünlüklərini itirməsi ilə bağlıdır”
Azər Qaramanlı: “Baş verənlər qətiyyən dinin mahiyyəti ilə əlaqədar deyil. Bu vəziyyətin yaranmasına səbəb müsəlman ölkələrinin geosiyasi üstünlüklərini itirməsi ilə bağlıdır”
20-ci əsrin sonlarından başlayaraq, daha doğrusu SSRİ-nin Əfqanıstanı işğal etməsindən sonra müəlman aləmində terror sürətlə yayılmağa başladı. 21-ci əsrdə isə miqyasca həddindən artıq böyüyən islam terroru fonunda Qərbdə müsəlmanlara qarşı aqressiv münasibət böyüməkdə və islamofobiya sürətlə yayılmaqdadır. Və hazırda terror və İslam dini demək olar ki, Qərbdə eyni anlam daşımaqdadır. Əslində Qərb insanını başa düşmək mümkündür. Çünki islam terrorçuları həm müsəlman ölkələrində, həm də Qərb dövlətlərində böyük miqyasda günahsız insan qətliamı ilə müşaiyət olunan ən ağır cinayətlərə baş vururlar. Adlarını İŞİD, “Əl-Qaidə”, “Taliban”, “Boko Haram”, “Əl-Şəbab” qoyan bu cür cinayətkar dəstələr İslamın adından öz çirkin əməlləri üçün vasitə kimi istifadə edərək, hər gün günahsız insanları öldürürlər. Elə buna görə də bu gün qərblilər hər bir müsəlmanı potensial terrorçu qismində görürlər. Halbuki müsəlman din xadimləri İslamın sülh dini olduğu bildirirlər.
Son dövrlər isə İslama qarşı basqılar daha da böyüyür. Terror hücumlarından müsəlman ölkələrinin daha çox əziyyət çəkdiyi isə qaçınılmaz faktdır. Demək olar ki, müsəlman ölkələrinin heç birində sülh və dinclik yoxdur. Bəs bunun səbəbi nədir? İslam dininin əslində aqressiv olması, yoxsa müsəlmanların böyük dövlətlərin asanlıqla oyununa gəlməsi?...
Əgər problem müsəlmanların böyük dövlətlərin asanlıqla oyununa gəlməsi ilə əlaqəlidirsə, o zaman bu hansı səbəbdən baş verir və günahkar olaraq kimi görməliyik?
PİA.AZ-ın bu mövzu ilə bağlı keçirdiyi sorğunu oxucularına təqdim edirik:
Vüsal Məmmədov: “İslam sülh dini deyil, tipik hərb dinidir”
İslamın hərbi dini olduğunu iddia edən Azvision.az saytının baş redaktoru Vüsal Məmmədova görə, müsəlmanların hakim kimi ancaq Allahı görməsi dəhşətli bir təfəkkürdür:
“Hər şeyin kökü ondadır ki, İslam sülh dini deyil, tipik hərb dinidir. İslamın yaranması da, inkişafı da hərb ilə olub. Məhəmməd öz qəbiləsinə ideologiya ilə yox, qılıncla qalib gəlib, qonşu qəbilələrə İslamı təbliğ ilə yox, qılıncla yayıb. Digər xalqlara da eynən: İslam ideya kimi təbliğatla yox, siyasi-iqtisadi-ictimai sistem kimi hərb yolu ilə qəbul etdirilib. İslam fiqhinə görə, dünya iki qismə bölünür: Dar-ul-Hərb və Dar-us-Salam. Bunlardan birincisi ilə daim savaşmaq lazımdır. Yəni bu, tipik savaş dinidir. Ona görə də, İslam coğrafiyasında heç vaxt, tarixin heç bir dövründə sülh və sabitlik olmayıb, olmayacaq da... Bu din deyir ki, daha yaxşı dünya öləndən sonra başlayacaq. Və bu dünyada kiminləsə savaşmalısan, kimisə öldürməlisən, özün ölməlisən ki, o dünyada kef çəkəsən. Belə sərsəm və ziyanlı ideologiya ilə rifah cəmiyyəti qurmaq mümkün deyil. Əsrlərlə bu inancla ilə yaşamış cəmiyyətlərin şüurunun nə dərəcədə zədələndiyini düşünəndə adam dəhşətə gəlir. Digər tərəfdən, müsəlmanlar hakim kimi ancaq Allahı görürlər, bu da çox dəhşətli bir təfəkkürdür. Dünyəvi hüquq sisteminin onlar üçün heç bir önəmi yoxdur - ölüb gedim, məni Allah mühakimə edəcək. Bu düşüncənin hakim olduğu insanlarla sivil cəmiyyət qurmaq praktik olaraq mümkün deyil. Onlar başqalarının təməl haqlarını: fikir azadlığını, ifadə azadlığını, əqidə azadlığını qəbul etmirlər. Çünki yeganə düz yolun olduğuna inanırlar. Yəni, tolerantlıq sıfırın aşağısındadır. Belə cəmiyyətlərdə heç vaxt sabitlik olmayacaq”.
Azər Qaramanlı: “Sosial və siyasi ədalət axtaranlar məcburən dinə, həm də fanatik dini cərəyanlara üz tuturlar”
İndiki şəraitdə müsəlman dünyasının Qərb dövlətlərindən asılı olduğunu vurğulayan PİA.AZ saytının baş redaktoru Azər Qaramanlının fikrincə, müsəlman ölkələrinin geosiyasi üstünlüklərini itirməsi müsəlmanların sülh və dincliklərini itirməsinə şərait yaradıb:
“Məsələ heç də İslam dininin sülh və yaxud müharibə dini olması ilə əlaqədar deyil. Məşhur pakistanlı islam filosofu Məhəmməd İqbalın İslam dini və müsəlmanlar haqda təqribən 100 il əvvəl söylədiyi bir fikir var. İqbal deyir ki, “Qəbahət İslamda deyil, bizim müsəlman olmaq tərzimizdədir”.
Bu sözlərin 100 il əvvəl deyilməsinə baxmayaraq, məncə, bu gün baş verənləri bundan artıq dəqiqliklə ifadə etmək mümkün deyil. Və hesab edirəm ki, bu gün baş verənlər İslam dinində olan boşluqlarla, qəbahətlərlə əlaqəli deyil. Çünki istər xristian dinində, istərsə də yəhudizimdə, və hətta buddizm və krişnaizmdə boşluqlar və mistik analaşılmamazlıqlar İslam dinində olduğundan qat-qat çoxdur və bir konsepsiya olaraq İslam dinin təməl prinsipləri digər dinlərin təməl prinsiplərindən daha mükəmməldir. Bunu mübahisəsi belə olunmamalıdır.
Bu gün İslam dini ətrafında baş verənlər sosial-iqtisadi və siyasi mahiyyət daşıyır və problem iki mənbədən qaynaqlanır:
1. Demək olar ki, bütün müsəlman ölkələrində avtoritarizmə, totalitarizmə və mütləq monarxiyaya söykənən hakimiyyətlərin mövcud olması.
2. Bütün müsəlman ölkələrində yaşam səviyyəsinin aşağı olması.
Adətən çox uşaqlı ailələrdə dünyaya göz açan müsəlmanlar həyatla ilk tanışlıqlarından böyük məhrumiyyətlərlə üzləşirlər və bu da onlarda sosial ədalətin olmaması kompleksi yaradır. Yəni, əgər Qərb sivilizasiyasında xalq demokratik hakimiyyətə layiq olaraq hakimiyyətlə bütünlük əldə edib dairəni qapadırsa, müsəlman ölkələrində avtoritar rejimlər xalqa layiq olub dairəni qapadırlar və bu zaman müsəlmanlar özlərini bir labirintin içində görürlər və enində-sonunda öz taleləri ilə barışmalı olurlar. Bu isə kütləvi psixoz vəziyyət yaradır. Sosial və siyasi ədalət axtaranlar məcburən dinə, həm də fanatik dini cərəyanlara üz tuturlar. Bir müddətdən sonra onlar özlərini «xilaskar» kimi hiss edirlər və hesab edirlər ki, ədalətsizliyi ortadan qaldırmaq onların “missiyasıdır”. Bu “missiya” hər gün böyüyür və ötürülür. Bu “missiya” uğrunda ölmək isə həyatın məqsədinə çevrilir.
Baxın, 20-ci əsrdə demokratiyanı ən çox əxz edən ölkə Türkiyə idi. Və deyim ki, 1920-ci ildə Azərbaycanı Rusiya yenidən işğal etməsəydi, Azərbaycan İslam dünyasının avanqard ölkəsi olacaqdı. Azərbaycan olmadıqda estafet Türkiyəyə keçdi. Amma indi Türkiyədə nə baş verir? Əgər 100 il əvvəl Türkiyədə hakimiyyət qadınları çadralardan azad edirdisə, indi onlara çadra geyindirir. Əgər 100 il əvvəl Türkiyədə hakimiyyət kişilərə fəs qoymağı, saqqal buraxmağı yasaqlayırdısa, indi kişiləri «Allahu Əkbər» qışqırmağa məcbur edir. Məsələnin mahiyyəti budur ki, 100 il əvvəl hakimiyyət Türkiyəni keçmişindən qoparıb gələcəyə daşımağı özünə məqsəd hesab edirdisə, indiki hakimiyyət Türkiyəni gələcəyindən ayırıb keçmişinə aparmağı özünə məqsəd bilir. Niyə? Çünki Türkiyə hakimiyyəti özünü məhz müsəlman olduğuna görə aşağılanmış və alçaldılmış hesab edir.
21-ci əsrin əvvəlində Ərdoğan Türkiyəni Avropa Birliyinə üzv edəcəyni söz verərək hakimiyyətə gəldi. Amma Avropa Birliyi qapılarını onun burunu önündə bağladıqdan sonra Ərdoğan geriyə, keçmişə döndü. Bu sırf psixoloji seçim idi və mənim fikrimcə, çox yanlış seçim idi. Çünki Türkiyə yaponlar kimi öz yolu ilə gedə bilərdi. Amma Ərdoğanın seçimi belə olmadı. O avtoritarizmə meylləndi və bu gün faktiki olaraq özünü müsəlman dünyasının “xilaskar”ı kimi hiss edir.
Bu gün müsəlman aləmində baş verənlərin fonunda adi bir misal gətirim. 1000-500 il əvvəl Avropada eyni proseslər yaşanırdı. Xristian fanatizmi Avropada bütün beyinlərə hakim kəsilmişdi və Avropa İŞİD tipli toplumlarla qaynayırdı. Bu başıpozuqları Avropadan kənara çıxarmaq və onların potensialından yararlanmaq üçün Roma Papaları bu qruplaşmaları Yerusəlimə, İsa Məsihin məzarını azad etməyə yönləndirirdi. Səlib müharibələri bu şəkildə ortaya çıxdı. Bu prosses, yəni xristian radikalizminin Avropanı yenidən formalaşdırması prossesi 500 il davam etdi.
Bəs Avropada dini radikalizmin mənbəyi nə idi? Təbii ki, Avropanın çox kasıb yaşaması. Kasıblıq və müsəlmanlardan asılılıq xristian avropalılarda sosial ədalətsizlik kompleksi yaradırdı. Həmin dönəmdə müsəlman ölkələri bütün sərvətlərin üzərində oturmuşdu. Hindistandan, Çindən gələn müxtəlif mallar onların iznilə Avropaya daxil olurdu. Avropada xristian radikalizminin mənbəyi bu idi.
Bütün səlib müharibələri xristianların tam məğlubiyyəti ilə başa çatdıqdan sonra nə baş verdi? Avropa Çinə və Hindistana çıxmaq üçün alternativ yollar axtarmağa başladı. Bu günkü Avropanın əsil memarları əslində Kolumb, Magellan, Vasko de Qama kimi dənizçilərdir.
Avropa nə zaman dünyaya hökm etməyə başladı? Amerika kəşf olunandan, Çinə, Hindistana dəniz yolu tapılandan sonra... Avropa Uzaq Şərqi və Amerika qitəsini əldə etdikdən sonra sürətlə varlanmağa başladı. Paralel olaraq isə müsəlman ölkələri sürətlə kasıblamağa başladı. Çünki artıq Avropanın müsəlmanların nəzarəti altında olan “Böyük İpək Yolu”ndan asılılığı yox idi.
İndi isə müsəlman dünyası 1000 il əvvəl Avropanın düşdüyü durumdadır. Müsəlman ölkələri kasıbdır. Onlar bütün sahələrdə Qərbdən asılıdır və Qərb onlara istədiyi halda təzyiq edə bilir. Müsəlman dünyasının bütün beyinləri isə Qərbə axın edir. Çünki bu beyinlərin müsəlman ölkələrində fəaliyyət göstərməsi üçün şərtlər uyğun deyil. Ona görə də müsəlmanlar bu vəziyyətdən çıxış yolu axtarırlar. Onların ilk ağıllarına gələn isə savaşmaqdır və onlar savaşırlar. Və deyim ki, terror vasitəsi ilə savaşırlar, yəni həyatlarını ortaya qoyaraq savaşırlar. Bu savaşın məğlubiyyətlə bitməsi qaçınılmazdır. Savaşın nə zaman bitəcəyini isə təxmin etmək mümkün deyil. Tam məğlubiyyətdən sonra isə müsəlmanlar alternativ çıxış yolu axtarmağa başlayacaqlar.
Baş verənlər budur və mən əminəm baş verənlər qətiyyən dinin mahiyyəti ilə əlaqədar deyil. Mən bir daha vurğulayıram ki, bu vəziyyətin yaranmasına səbəb müsəlman ölkələrinin geosiyasi üstünlüklərini itirməsi ilə bağlıdır. İkinci səbəb isə müsəlman ölkələrində olan avtokratik və teokratik hakimiyyətlərdir. Mən əminəm ki, müəyyən zamandan sonra müsəlmanlar alternativ çıxış yolunu tapacaqlar. Amma inanmıram ki, o günü biz görək”.
Qafqaz Ömərov: “Müsəlman coğrafiyası öz təbii zəngiliklərinə görə inkişaf etmiş, sənayeləşmiş Qərb dövlətləri tərəfindən istismar edilir”
Bu məsələdə dinin yox, cəhalətin böyük rol oynadığını bildirən siyasi şərhçi Qafqaz Ömərov bildirib ki, Qərb hər zaman müsəlman dövlətlərini çökdürmək üçün bütün gücünü ortaya qoyub:
“Din zamanla müxtəlif siyasi qruplar tərəfindən müxtəlif məqsədlərdə istifadə olunub. Müsəlman ölkələrinin problemi heç də dinlə bağlı deyil. Müsəlman coğrafiyası öz təbii zəngiliklərinə görə inkişaf etmiş, sənayeləşmiş Qərb dövlətləri tərəfindən istismar edilir. Tarixdə ən güclü müsəlman dövlətlərinin yıxılmasının arxasında həmişə xristian dünyasının bu və ya digər şəkildə əli olub. Osmanlı İmperiyasının çöküşü isə İslam dünyasının çöküşü oldu.
Artıq illərdir Osmanlını dağıdan Qərb bütün müsəlman dünyasını əsarətdə saxlamaq üçün bütün gücünü ortaya qoyub. Bu əsarətə qarşı çıxan bütün müsəlman dövlətində isə daxili müharibələr, vətəndaş qarşıdurması baş verir və dövlətçiliyin təməllərinin möhkəmlənməsinə imkan verilmir.
Necə olur ki, orta əsrlərdə İslam dünyası inkişafın, tərəqqinin mərkəzi idi, o zaman Qərb cəhalət və çirkab içində yaşayırdı, indi isə hər şey əksinədir? Bu məsələdə günah dinin və şəriətin yox, cəmiyyəti iflic etmiş cəhalətindir”.
Aqil Ələsgər: “İslam torpaqlarında İŞİD kimi dırnaqarası islamçı qruplaşmalar yaradaraq İslamın özünə qarşı xristian müharibəsi davam edir”
İslamın sülh dini kimi qələmə verilməsinin bir az qüsurlu olduğunu qeyd edən ilahiyyatçı, “Yeni çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər hesab edir ki, müsəlman dünyasında baş verənlərin səbəbi müsəlmanların qış yuxusunda olmasından irəli gəlir:
“Bu məsələyə bir neçə konstektdən yanaşmaq olar. Birincisi, müsəlman dövlətləri dediyimiz dövlətlərin bəziləri müsəlmanlar tərəfindən deyil, ötən əsrin əvvəllərindəki ingilis və fransızların hakimiyyətə gətirdikləri, İslamdan başqa hər kəsə və hər şeyə xidmət edən, anqilikan kilsəsinin tabeliyində olan insanlar tərəfindən yaradılıb. Bu dövlətlərin əksəriyyətinin bayrağı Osmanlıya xəyanət edən ərəblərin, Şərif Hüseynin bayrağı ilə eynidir. Çox zaman müsəlmanlar düşmən kimi İsraili görürlər. Əslində bütün işləri qarışdıran İngiltərədir.
Bundan başqa, İslamın sülh dini kimi qələmə verilməsi bir az qüsurludur. İslam savaş və sülh dinidir. Hər zaman savaşmağı bizə unutdurmaq üçün mülayim olmağı öyrədir. əslində barış məsələsi daha çox İsa Peyğəmbərin təlimində vardı ki, “sağ üzə sillə vuranda sol üzünü çevir”, deyirdi İsa Məsih.
Bu təlim nə xristianlıqda, nə də İslamda özünü doğrultmadı. İslamda haqqın pozulursa, vətənin təhlükədədirsə, özünümüdafiə var. İslamiyyət islam torpaqlarında bütün insanların sülh içində yaşamaqlarını bizə əmr edir. Hazırda bir savaş var və bu savaş səlib yürüşlərinin davamıdır. Islam torpaqlarında İŞİD kimi dırnaqarası islamçı qruplaşmalar yaradaraq İslamın özünə qarşı xristian müharibəsi davam edir. Çox təəssüf ki, müsəlmanlar hələ də qış yuxusundadırlar və həqiqi portreti görə bilmirlər”.
Rəxşan-Əli Əzimzadə: “Müsəlmanların dəyişilməsi üçün sırf elmi tərəqqiyə ehtiyac yoxdur. Cəmiyyətdə hərtərəfli inkişaf lazımdır”.
Mövcud durumda müsəlman dünyasında baş verən neqativ halların Osmanlı dönəmində baş verən hadisələrin bədəli olduğunu hesab edən din tədqiqatçısı, islahatçı-maarifçi Rəxşan-Əli Əzimzadənin fikrincə, müsəlmanların dəyişilməsi üçün cəmiyyətin hərtərəfli inkişafı zəruridir:
“İslamı hərfi mənada tərcümə etmək lazım deyil. Hər bir dinin başlanğıcı zamanı özünün mövqeləri olur. Bu gün İslam dünyasının bərbad vəziyyətdə olmasına iki amil təsir edir: Daxili və xarici amillər. Xarici amillərə səlib yürüşü daxildir. İlk dəfə 1049-cu ildən başlayan bu yürüşlər müxtəlif formalarda indiki zamana qədər davam edir. Daxili amilinə gəlincə, son illər müsəlman dünyasında xarici müharibələr olmayıb. Əsasən osmanlıların hakimiyyəti dönəmindən sonra olan müharibələr işğalçı müharibələr idi. Ancaq bu o demək deyil ki, onlar yerli xalqa güc tətbiq edirdilər. Bu gün isə biz sanki Osmanlı dönəmində baş vermiş hadisələrin bədəlini ödəyirik. Müsəlmanların dəyişilməsi üçün sırf elmi tərəqqiyə ehtiyac yoxdur. Cəmiyyətdə hərtərəfli inkişaf lazımdır. Anlamaq lazımdır ki, böyük dövlətlər məmləkətdə yaşayan insanların təbii resurslarına göz dikiblər. Kapitalist dünyasının hegemonları həmin ölkələrə bu dəfə başqa cür müdaxilə edirlər. Bu məsələdə biz də göz qabağındayıq. Ortada əzilən xalqdır. 1950-70-ci illər Azərbaycanın ən xoşbəxt günləri olub. Digər illərdə isə çox bərbad günlər yaşayıb. Yəni, demək istəyirəm ki, məsələ dinlə bağlı deyil.
İslam dövlətləri əsasən 4 dövlət hesab olunur: İran, Səudiyyə Ərəbistanı, Pakistan və Mavritaniya. Bu dövlətlər şəriət qaydaları ilə idarə olunurlar. Bu dövlətlərin içində hüzurun olması da nisbidir. Kapitalist ölkələrin marağı əsasında islam dövlətləri fərqli şəkildə təqdim olunur. Mən İslam dövlətlərinin çoxunda olmuşam. Bu ölkələrdə qanunvericiliyin aliliyi olan yerlər də var.
İslam dövlətlərinin təqdim edilməsində medianın da rolu qaçılmazdır. Mediada deyilən fikirə zidd informasiyaların verilə bilməsi imkanı həmin yerlər barədə insanlarda fobiya yaradır. Sanki yalnız İslam dövlətlərində kəsilib-doğranma var. Hər bir ölkədə kəsilib-doğranma, ömürlük cəza verilməsi kimi hallar var”.
Zaur Əliyev: “Bu gün islam uğrunda cihada səsləyən qruplaşmalar və yaxud birliklərin hamısı böyük dövlətlərin öz yaratdıqlarıdır”
Siyasi güclərin dini və etnik məsələlərdən öz maraqları üçün sui-istifadə etdiyini qeyd edən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevə görə, 1979-cu ildə İran İslam İnqilabının qələbəsi İslamın siyasiləşməsi probleminə səbəb oldu:
“İstər tarixdə, istərsə də bu gün dünyada gedən proseslərə nəzər yetirdikdə görərik ki, siyasi güclər xarici siyasətlərində həmişə dini və etnik məsələlərdən istifadə etmişdirlər. Müasir dövrümüzdə də bu tendensiya eyni xətt üzrə inkişaf etməkdədir. Hələ, XX əsrin 60 və 70-ci illərində ABŞ-ın həyata keçirdiyi “yaşıl qurşaq” siyasəti məhz Yanın Şərq və Əfqanıstanda Sovetlərin bu bölgələrdəki nüfuzunu sarsıtmaq və beləliklə bu ərazilərə Amerikanın ekspansiya siyasətini həyata keçirərək hegemoniyanı tək əldə tutmaq məqsədi ilə dini siyasi məqsədlər üçün istifadə etmək idi. Hansı ki, ilk başlarda müsəlman cəmiyyətində oraya çıxan ihya hərəkatları, sonralar məqsədli şəkildə yaradılmış radikal dini qruplaşmalar ilə eyniləşdirilərək fundamentalist tendensiya ilə xarakterizə olunmağa başlanılmışdır.
Bütün bunlara baxmayaraq fundamentalizm bu gün nə qədər də İslamla eyniləşdirilsə də, dini-fəlsəfi və siyasi fenomen olaraq Xristian dini dünyagörüşünün məhsuludur. Protestanlığın içərisində təşəkkül tapmış bir çox dini cərəyanlar məhz fundamentalist yanaşmaları ilə dini-fəlsəfi ədəbiyyatda yer almışdırlar. Təbii ki, fundamentalizm bir tək Xristianlıq və İslamla əlaqədar məsələ deyil, bütün dini və dünyəvi dünyagörüşlərində rast gəlinə bilən bir hadisə və fenomendir.
Bildiyimiz kimi, 1979-cu ildə İran İslam İnqilabının qələbəsi İslamın siyasiləşməsi problemini də gündəmə gətirmiş oldu. Bununla da, İslam fundamentalizmi əhatə dairəsini və mahiyyətini bir az da dərinləşdirdi. Təbii ki, bu hadisə Qərbə imkan verirdi ki, müxtəlif siyasi və iqtisadi baxış və mövqeləri olan şiə İranı ilə sünni ərəb liqasını qarşı-qarşıya qoysun. Bütün bunların kökündə isə təbii ki, hər iki tərəfi zəif düşürmək və beləliklə, bu ölkələrin resurslarına sahiblənmək, bölgədə siyasi nəzarəti möhkəmləndirmək siyasəti dururdu.
1980-1988-ci illərdə İran-İraq müharibəsi, arxasınca 1991-ci ildə ABŞ və müttəfiqlərinin İraqa hərbi müdaxilələri, buna paralel İslam coğrafiyasında radikal dini qruplaşmaların ortaya çıxması və onların dəstəklənməsi və nəticədə dünyada mənfi İslam imicini formalaşmasına gətirib çıxardı. İslamı şiddət və zorakılıq, insan haqlarının tapdalandığı din, İslam ölkələrinin isə qeyri-demokratik, anarxiya və despot idarəetmə üsulu ilə idarə olunan ölkələr kimi tanıdılması istiqamətində fəaliyyətlər həyata keçirdilər.
2001-ci ilə 11 sentyabr hadisələri bu senarisinin ən pik nöqtəsi oldu. Bu hadisədən sonra sırası ilə İslam ölkələrinə demokratiya gətirmək adı ilə hərbi müdaxilələr başlanıldı və bu ölkələrdə hakimiyyət çevrilişləri reallaşdırıldı. Sonra hərbi və insan itkisini önləmək üçün Yaxın Şərq siyasətində ABŞ və digər müttəfiq Avropa ölkələri yeni siyasi kurs düşünərək “soft power” (yumşaq güc) adını verdikləri siyasəti təcrübədən keçirməyə başladılar. Bu ölkələrin sosial-iqtisadi və dini-siyasi durumlarından istifadə edərək “Ərəb baharı” adlandırdıqları inqilabları reallaşdırdılar. Onların iddia etdikləri demokratiya yerinə isə bu cəmiyyətlərə xaos, özbaşnalıq, milli, etnik və dini zəmində qarşıdurmalar, vətəndaş müharibələri gətirdilər və beləliklə, bu ərazilər dini radikal qruplaşmaların tüğyan etdiyi ərazilərə çevrildilər.
Mən hesab edirəm ki, bu gün islam uğrunda cihada səsləyən qruplaşmalar və yaxud birliklərin hamısı böyük dövlətlərin öz yaratdıqlarıdır. Çünki bu qruplaşmalar həmin böyük dövlətlərin onların ərazilərinə müdaxilə etmək üçün geniş imkanlar yaradan terorist addımlar atırlar”.
MilliYol.Az
Digər xəbərlər
loading...