"Gözlənti ondan ibarətdir ki, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcək. Dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir”.
MilliYol.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov müəllim və həkimlərin maaşlarının artacağı ilə bağlı suallara aydınlıq gətirərkən deyib.
Deputat bildirib ki, Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra ünvanlanan suallar daha çox müəllim və həkimlərin maaşları ilə bağlıdır:
"Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqqlarında artımlar artıq reallaşdı. Səhiyyə sektorunda bir sıra müəssisələr nazirliyə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqqları son artımlara aid olundu. Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var”.
Deputat əlavə edib ki, bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər:
"Bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı. Çünki heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz”.