Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Elm və Təhsil Nazirliyinin "2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qaliblərindən biridir.
Təşkilat "Mən səni sevirəm, müəllim" layihəsi ilə "Məktəb nüfuzunun artırılması və məktəb icmasının inkişaf etdirilməsi" nominasiyası üzrə qalib seçilib.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən və Birliyin sədri Sevinc Fədainin rəhbərlik etdiyi layihə dörd nəsildən olan dörd müəllimin hekayəsini dörd məktəbin hekayəsi ilə birləşdirərək çəkiləcək sənədli filmi nəzərdə tutur.
Layihə rəhbəri bildirib ki, dörd nəsildən olan dörd müəllimin təhsilə baxışlarını, cəmiyyətin inkişafında təhsilin oynadığı rolu, təhsilverənlərin hansı maneələr və çətinliklərlə mübarizə apardıqlarını, ötüb-keçən illər ərzində nələrin dəyişdiyini, nələrin dəyişməli olduğunu, bir sözlə, təhsillə bağlı öz xatirə və düşüncələrini bölüşəcəklər: "Bu müəllimlərin seçimi aparılarkən onların dörd fərqli sosioloji seqmentə malik məktəbdə fəaliyyəti nəzərə alınıb".
Layihənin məqsədi cəmiyyətdə məktəbin, müəllimin nüfuzunu artırmaq prosesinə töhfə verməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün isə müəllimlərin çətin və fədakar əməyi, onların rastlaşdığı maneələr, ötüb keçən onlilliklər ərzində təhsil prosesində nələrin dəyişdiyi, nələrin dəyişəcəyi ilə bağlı təəssüratlar kino dili ilə təsvir ediləcəkdir.
Sevinc Fədainin sözlərinə görə, təcrübə göstərir ki, ictimaiyyətin bir çox üzvü müəllimlərin qarşılaşdıqları çətinliklərdən, onların sinə gərdiyi problemlərdən xəbəri yoxdur: "Və bu kimi məlumatsızlıq insanlara məktəbi, müəllimi haqsız yerə ittiham etmək üçün əsas verir. Film müəllimlərin zahirən müşahidə edilməyən həyatını göstərməklə insanları bu görkəmli peşənin təmsilçilərini anlamağa köməklik göstərəcək. Bununla da cəmiyyətdə müəllim və məktəbin nüfuzunu artırmağa xidmət edəcək".
QHT sədri bildirib ki, sosial medianın yüksəlişi ilə, xüsusən də son illərdə məktəblərlə bağlı ortaya çıxarılan neqativ hadisələr bir çox hallarda təhsil sistemini, onun əməkdaşlarını "günahkar” çıxartmağa, hər hadisədə ailənin, cəmiyyətin, sosial institutların rolunu istisna edərək hədəf taxtasına təhsil sisteminin qoyulması ilə nəticələnir. Bunun əsas səbəblərindən biri də insanların məktəbin, müəllim, təhsil sisteminin funksiyalarını, fəaliyyət mexanizmlərini, qarşısındakı əngəlləri, səlahiyyət və vəzifələrini anlamamaqdırsa, digəri də hər bir fərdin təhsilin ümumxalq işi olduğunu dərk etməməsidir. Sosial linç mədəniyyətinin getdikcə aktuallaşması fonunda məktəblərin və təhsil sisteminin özünü daha artıq dərəcədə ifadə etməsi həyati əhəmiyyət daşıyır".
Qeyd edək ki, film yazıçı-ssenarist Tural Cəfərovun ssenarisi əsasında çəkiləcək. Filmin çəkilişləri Bakı ilə yanaşı, regionlarda və ucqar kənd məktəblərində də aparılacaq.