Rəşad Bakuvi
AY Partiya Başqanının müavini
İndi belə xəbərlər gəzib-dolaşır ki, 2023-cü ildə Azərbaycanla Ermənistan arasında daha bir qanlı müharibənin olması ehtimalı var. Artıq çox nüfuzlu beynəlxalq hərbi nəşrlər, informasiya orqanları da etibarlı mənbələrə istinad etdiklərini iddia edərək xəbər verirlər ki, guya hərbi toqquşma qaçılmazdır. Həm də belə yazırlar ki, baş verə biləcək müharibə uzun çəkməyəcək, lakin nəticələri Ermənistan üçün dramatik olacaq. Qərb analitikləri dramatik deyəndə nələri nəzərdə tutduqlarını açıqlamayıblar, ancaq hər bir halda bu söz müəyyən ehtimallar irəli sürməyə ip ucu verir. Əslində, elə biz də hər zaman vurğulayırıq ki, əgər iki ölkə arasıda sülh yoxdursa, barış ümidləri hər dəfə suya düşürsə, deməli, mübaribə proqnozları hər zaman aktual olaraq qalacaq. Hər kəsin bir versiyası var, mənim də öz versiyam var.
Mənim ehtimalım budur ki, rəsmi Bakı bu dəfə də israrla əl uzatdığı, təkid elədiyi sülh danışıqlarından bir nəticə əldə etməsə və hərbi əməliyyata əl atsa, o zaman böyük ehtimal var ki, yaranan ilk fürsətdəcə məhz Qazaxın 7 kəndi və Naxçıvandakı Kərki kəndini geri almaq əsas mühüm hədəf olacaq. Qərbin tirajladığı "müharibə olarsa, bunun Ermənistan üçün dramatik nəticəsi olacaq" cümləsinin arxasında, bax, bu dayana bilər. Azərbaycan 2020-ci ildən bu yana sırf bu məsələdə də kifayət qədər səbr nümayiş etdirib və ortada nəticə yoxdur, bu yaşayış məntəqələri hələ də Azərbaycanın yurisdiksiyası altında deyil. Hazırda bununla əlaqədar ən yüksək səviyyədə ciddi hərbi-siyasi məsləhətləşmələrin, müttəfiqlərlə qarşılıqlı fikir alış-verişinin getdiyinə zərrə şübhə eləmirəm. Səhv etmirəmsə, dövlət başçısı İlham Əliyev ən son Fransa prezidenti Emmanuel Makronla telefon danışığında məhz bu kəndləri xatırladaraq demişdi ki, Ermənistan əldə olunmuş razılaşmalara (10 noyabr üçtərəfli atəşkəs bəyannaməsi) dair üzərinə götürdüyü bir sıra öhdəliklərini icra etmir, eləcə də məlum kəndləri Azərbaycana təhvil vermir. Bəlli olur ki, Qazaxın 7 kəndi və Kərki kəndi məsələsi prioritetdir. Bu, həm də, hərbi eskalasiya olacağı halda, Ermənistanın havadarlarının arta biləcək siyasi təzyiqlərinə "...Azərbaycan müstəsna hüququ olan suveren ərazilərini geri qaytarır, ədaləti və hüququ, beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bərpa edir" cavabını yaradacaq və beynəlxalq müstəvidə də haqlı tərəf kimi önə çıxaracaq rəsmi Bakını. Çünki hərbi planda başqa hədəflərin qoyulması, düşünürəm ki, indiki kritik məqamda, nə rəsmi Bakıya sərf edir, nə də buna gərək var.
Məndə olan məlumata görə, məhz Qazaxın kəndləri və Kərkinin hərbi yolla geri qaytarılması planı var masada. Təsadüfi deyil ki, Rusiya da ötən illərdən məhz o istiqamətdə hərbi baza inşa etməyə başlamışdı. Bu da rəsmi Bakının və hərbi komandanlığın diqqətindən qaçmayıb. Həmçinin ötən ilin sonlarından etibarən Naxçıvanda baş verənlərin həm də bununla əlaqədar olma ehtimalı güclüdür. Mən, qısamüddətli də olsa, hərbi toqquşma olacaqsa, məhz bu istiqamətlərdə uğurlu əməliyyatların olacağını gözləyırəm. Kərki kəndi Zəngəzur dəhlizi faktoruna görə kifayət qədər strateji əhəmiyyətə malikdir.