Azərbaycanda dövlət büdcəsinin sovrulduğu, əhalisinin ağır sosial şərtlərlə yaşadığı rayonlardan biri də Lerik rayonudur.
Respublika Prezidenti İlham Əliyev cənablarının dəfələrlə məmurları xalqa qarşı ədalətli olmağa, operativ əlaqələrin qurulması və vəzifələrinin tələbindən irəli gələrək xalqa normal xidmət göstərməyə çağırışını görünür Lerik rayon rəhbərliyi özünə aid hesab etmir. Ucqar dağ rayonu olan Lerikdə yerli məmurların yarıtmaz fəaliyyəti ucbatından sosial problemlər günü-gündən artmaqdadır. Sosial problemlərin ağırlığı qış aylarında daha çox hiss edilir.
Rayon əhalisi tərəfindən isə ölkənin ən yuxarı instansiyalarına ünvanlanan şikayət məktubları hər gün daha da çoxalır. Ölkə rəhbərliyinə ünvanlanan şikayət məktublarının böyük hissəsi elektron media vasitəsilə də işıqlandırılır.
Saytımızın əldə etdiyi məlumata görə, Lerik rayonunu talayan məmurlardan biri də RİH-nin başçısının müavini, fövqəladı hallar komissiyasının sədri Habil Məlikovdur.
Məlumatda deyilir ki, hər dəfə rayonda infrastruktur problemləri yarananda efirə çıxaraq özünü reklam edən Habil Məlikov dolayısı ilə bu problemlərin yaranmağının səbəbkarlarından biridir. Belə ki, dövlət tərəfindən rayonun infrastrukturunun yenilənməsi və təmiri üçün ayrılan külli miqdarda dövlət vəsaitinin böyük hissəsi rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov və digər yüksək vəzifəli şəxslərlə birlikdə Habil Məlikov tərəfindən mənimsənilir. Buna görədir ki, Habil Məlikovun şəxsi biznesinin və paytaxtda bir neçə daşınmaz əmlakının olduğu deyilir.
Lerik rayonunda yerli rəhbərlik tərəfindən ən çox yağmalanan dövlət proyektlərindən biri Veri-Piran yoludur. Dəfələrlə bu yolun təmirinə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılsa da,yenə də yol bərbad gündədir. Maddi imkanı zəif olan kənd əhalisi hər iki-üç aydan bir ailələrinin boğazından kəsərək Veri-Piran yoluna daş-çınqıl alıb tökürlər.
Onu da bildirək ki, bu yol probleminin həll olunması həm də Veri, Babakücə, Əliabad, Küsəkəran, Qələbin, Tikəband icra nümayəndəliyinə daxil olan Təndül, Dico, Dəvrədibi kəndlərinin yol probleminin həll olunması deməkdir. Əldə etdiyimiz məlumata görə, Lerik rayonundakı bərbad vəziyyətdən idarə və müəssisə rəhbərləri də boğaza yığılıb. Belə ki, uzun illərdən bəri RİH-nin başçısı Rövşən Bağırovla müavini və rayon fövqəladə hallar komissiyasının sədri olan Habil Məlikovun əlbir olaraq rayonun büdcəsini talamaqları idarə və müəssisə rəhbərlərini hərəkətə gətirib.
Məlumata görə son zamanlar Lerikdən paytaxta ünvanlanan şikayət məktublarının arxasında da məhz icra hakimiyyətinin başçısı Rövşən Bağırovla onun müavini Habil Məlikovun birgə talançılıq əməllərindən bezən rəhbər vəzifəli şəxslər dayanır.
Məlumatda o da deyilir ki, Lerik- Bakı yolunda tez-tez ciddi problemlərin, uçqunların yaranması da başçı və müavin cütlüyünə sərf edən məqamlardan biridir. Habil Məlikov rayon ərazisində aparılan digər "təmir-bərpa” işlərində olduğu kimi burada da kifayət qədər "bəhrələnməklə” yanaşı, həm də öz müsbət imicini formalaşdırır. Belə ki, müxtəlif tv-lərə yaranmış problemlə bağlı açıqlama verən komissiya sədri həm də özünü işgüzar və məsuliyyətli məmur kimi tamaşaçılara və yerli əhaliyə təqdim edir. Əslində isə başçı ilə komissiya sədrinin problemləri heç də birdəfəlik həll etmək marağında olmadıqları açıq-aydın ortadadır. Əks təqdirdə eyni yerdə problem- uçqun hər il təkrarlanmazdı.
Adları çəkilən şəxslər mövqeyini bildirə bilərlər.
Mənbə: Qlobal.az
Digər xəbərlər
loading...