Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev işdən çıxarılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, polkovnik Xəzər İsayev vəzifəsindən kənarlaşdırılaraq, məzuniyyətə göndərilib.
Əldə etdiyimiz digər məlumata görə, Xəzər İsayevlə DGK-nin sabiq sədri Səfər Mehdiyevlə ciddi mübahisəsi olub. Mübahisənin yaranmasına səbəb isə İdman-Sağlamlıq Mərkəzində aparılan audit yoxlaması zamanı ciddi maliyyə pozuntularının aşkarlanaması olub. Yoxlama zamanı 500 min manatdan artıq vəsaitin "yoxa çıxması" müəyyən edilib.
Bundan sonra Xəzər İsayev Səfər Mehdiyev tərəfindən vəzifəsindən uzaqlaşdırılsa da, rəsmi olaraq baş direktor vəzifəsindən kənarlaşdırılmayıb.
Son aylar gömrük orqanlarında aparılan yoxlamalar İdman-Sağlamlıq Mərkəzindən də yan keçməyib. Nəticədə polkovnik Xəzər İsayev yenə də öz hesabına məzuniyyətə göndərilib. Onun vəzifəsində qalıb-qalmayacağı bəlli deyil.
İdman-Sağlamlıq Mərkəzindən Qaynarinfo-ya bildirilib ki, hazırda qurumun baş direktor əvəzi Adgözəl Rəcəbovdur.
Xəzər İsayev özü telefon zənglərinə cavab verməyib.
DGK-nin mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə Xəzər İsayevin işdən çıxarılması ilə bağlı məlumatı təkzib edib.