"Azertexnolayn" 2022-ci ili uğurlu göstəricilərlə başa vurur.
"Həyata keçirilən optimallaşdırma tədbirləri nəticəsində “Azmade Group” Şirkətlər Qrupuna daxil olan “Azertexnolayn” MMC 2022-ci ildə göstəricilərini əhəmiyyətli dərəcədə artırmağa nail olub". Bunu Valyuta.az-a “Azmade Group” Şirkətlər Qrupunun idarə heyətinin sədri Emruz İsgəndərov deyib. O bildirib ki, "Azertexnolayn"-ın gəlirlərinin artmasının səbəbi müəssisələrin inteqrasiyalı fəaliyyəti, yeni satış kanallarının işlənməsi və ixrac bazar payıdır.
"Şirkətdaxili tədbirlər və həyata keçirilən ixrac bazar payının genişləndirilməsi sayəsində hesabat dövründə şirkətin ümumi dövriyyəsi 2.4 dəfə artaraq 107 milyon manata çatıb. “Azertexnolayn” MMC-də fəlaiyyət göstərən zavodların inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə hər üç zavod fasiləsiz istehsal prosesinə nail olub. İstehsalın beynəlxalq rəqabət qabiliyyəti artırılıb. Nəticədə cari il “Polad Boru Zavodu”, “Polietilen Məmulat Zavodu” və “Çuqun Töküm Zavodu” istehsal potensialından istifadə əmsalı müvafiq olaraq 85%, 25 % və 36 % yüksəldilib. Bununla yanaşı, ixrac gəlirlərində də 31 % artım müşahidə olunub. Müəssisələrin istehsal əməliyyatlarında tətbiq edilən rəqəmsal texnologiyalar isə əməliyyat effektivliyinin və gəlir marjalarının yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərib".
"Azərtexnolayn" MMC-də istehsal gücünün artırılması ilə yanaşı, müxtəlif çeşidlərdə yeni məhsulların istehsalına da başlamışıq. “Polietilen Məmulatlar Zavodu” nda yüksək bazar tələbatı olan DN 100 və DN 250 mm ölçülərində qofralı boruların istehsalına start vermişik. “Çuqun Töküm Zavodu” nda isə yeni qurulmuş qumlama xətti hesabına istehsal gücünün artırlmasını nəzərdə tutmuşuq", - deyə E.İsgəndərov bildirib.
Qeyd edək ki, Azərbaycanın ən böyük sənaye məhsulları ixrac edən şirkəti “Azertexnolayn” MMC-də “Made in Azerbaijan” brendi altında 60 dan çox çeşiddə sənaye məhsulları istehsal edilir. Bu məhsullar ölkə tələbatını ödəməklə yanaşı, dünyanın 15 ölkəsinə də ixrac edilir.