Laçın yolunda keçirilən aksiya ətrafında gərgin proseslər gedir:
- “Mülki ermənilər” yolun açılması tələbi ilə Rusiya sülhməramlılarının postuna doğru hərəkət etdi;
- Ruslar onlardan “yolun açılması” üçün iki gün vaxt istədi;
- Sülhməramlılar çadrlarını sökərək, Xankəndi istiqamətində geri çəkildi;
Bu hadisələrin Moskvada Lavrov-Bayramov görüşündən sonra baş verməsi diqqət çəkir. Və separatçıları-Vardanyanı “tərəf” kimi təqdim edən rusların “mülki erməni”lərin aksiyasında ən azı maraqlı tərəf olduğu də şübhəsizdir:
Birincisi, bölgədə “etnik toqquşma” riskinin olduğunu və bunun üzərindən sülhməramlı missiyanın vacibliyini nümayiş etdirirlər;
İkincisi, aksiyaya müdaxilə üçün B planı olaraq “etnik toqquşma” (bu haqda əvvəl də yazmışdıq) ssenarisi də istisna deyil və “mülki erməni”lərin yürüşü bu ssenarinin “əsas”ını formalaşdırmağa imkan verə bilər;
Üçüncüsü, Bakıya “daha təhlükəli proseslər yaşana bilər” mesajı verir;
Bunun fonunda sülhməramlıların yolun açılması üçün “mülki erməni”lərdən iki gün vaxt istəməsi proseslərin hansı məcrada inkişaf edəcəyi baxımından əhəmiyyətli məqamdır. Hesab etmək olar ki, ruslar bunu “mülki erməniləri” sakitləşdirmək üçün edib, hərçənd, indiki halda bu, ən sonuncu ehtimaldır. Ön plana çıxan iki mümkün versiya var:
Birincis versiya: Laçın yolundakı aksiya iştirakçılarının tələbləri yerinə yetirilir, Qarabağdakı mədənlərdə monitorinqin aparılması təşkil olunur;
Laçın yolu məsələsinin beynəlxalq gündəmə çıxarılması, Ermənistanın “BMT, ATƏT missiyalarından” bəhs etməsi rusların bölgədəki maraqlarına risklər yaradır və Moskva bu risklərə qarşı aksiyanın tələblərini yerinə yetirməklə “problemi” həll edə bilər. Hərçənd, bu ehtimalı zəiflədən məqamlar daha güclüdür:
- “Üçüncü tərəflər”in Laçın yolu və Qarabağa gəlişi masada müzakirəyə çıxarılsa belə bunun praktikada icrası çətindir, xüsusilə bütün tərəflərin razılığının vacibliyi baxımından;
- Aksiyanın tələbini yerinə yetirmək – mədənlərdə monitorinqin təşkil edilməsi Bakının sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdə psixoloji üstünlük əldə etməsi ilə nəticələnəcək və bu, sonrakı proseslərə təsir edəcək;
- Tələbin yerinə yetirilməsi Bakı üçün müsbət, ruslar üçün arzuolunmaz presedent yaradacaq;
İkinci versiya: Bakıya beynəlxalq təzyiq güclənir və rusların müdaxiləsi olmadan aksiya başa çatır;
Məsələ Fransa tərəfindən BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıldı, praktiki nəticə əldə edə bilməsələr də, prosesin davam edəcəyi gözlənilir. Əliyevin bu gün verdiyi açıqlamaya görə, gələn həftə beynəlxalq səviyyədə daha ciddi səylər ediləcək.
İstisna deyil ki, ruslarda növbəti həftə beynəlxalq təzyiqlə aksiyanın dayandırılması gözləntisi var və “mülki ermənilərə” dedikləri “iki günlük vaxt” bununla bağlıdır. “Mülki ermənilərin” yürüşünün təşkili də beynəlxalq səviyyədəki müzakirələrə “əsaslar” formalaşdırmaq, eyni zamanda, bu müzakirələr zamanı “rus sülhməramlıları olmasa, etnik toqquşma baş verə bilər” rəyini yaratmaqdır.
Sülhməramlıların çadırlarını sökərək, Xankəndiyə tərəf çəkilmələrinin də bununla bağlı olduğu ehtimalı var: bu, “yolu azərbaycanlılar bağladığını” vizual olaraq göstərməyə hesablanıb;
Laçın yolundakı aksiya ətrafında gərginləşən proseslər Bakıya qarşı təzyiq dalğasının güclənəcəyi gözləntilərini ön plana çıxarır. Və istisna deyil ki, bu dalğanın bir hissəsi də Azərbaycan daxilində ola bilər.
Asif Nərimanlı