Naxçıvan Muxtar Respublikasında son günlər baş verənlər ölkənin əsas gündəmi olmaqda davam edir. Belə ki, birinci olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 27 il rəhbərliyin ardından Vasif Talıbov səhhəti ilə bağlı problemləri əsas gətirərərk istefa verdi. Ardınca Prezident İlham Əliyev Naxçıvanla bağlı sərəncam imzaladı. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olundu. Daha sonra İlham Əliyev daha bir sərəncam imzalayaraq Fuad Nəcəflini Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edib.
Artıq uzun illərdir İcra hakimiyyəti strukturlarından daxil olan şikayətlər, icra başçılarının özbaşınalığı, hətta bir çoxunun həbsilə nəticələndi. Görünən odur ki, bu struktur özünü doğrultmur. Bütün bunların fonunda artıq İcra Hakimiyyəti strukturunun yavaş-yavaş aradan qalxacağı ilə bağlı fikirlər dolaşır. İddialara görə bir müddətdən sonra idarəetmədə əsaslı dəyişiklik olacaq və artıq yerlərdə İcra Hakimiyyətləri və icra başçıları olmayacaq.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, hadisələrin gedişi həqiqətən də, İcra Hakimiyyətlərinin ləğvinə aparıb çıxarır:
"Əlbəttə hadisələrin gedişi göstərir ki, prespektivdə İcra hakimiyyəti srukturu aradan qalxacaq. Məsələn, bu gün rayon şöbələrinin ləğv edilib, regional idarələrin yaradılması təsadüfi deyil”.
Onun sözlərinə görə, əsas idarəetmə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlikləri tərəfindən aparılacaq:
"Hazırda Azərbaycanda 14 iqtisadi region var. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəlikləri bu 14 iqtisadi regionu da əhatə edir. Hələlik bu idarəetmə strukturu Qarabağda və Naxçıvanda tətbiq edilir. Ancaq ötən iki il göstərir ki, bu idarəetmə modulu çox uğurludur. Belə olan halda məsələlərə birbaşa Prezident nəzarət edə bilir”.