Azərbaycanın Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, "Göy-göl" Dövlət Mahnı və Rəqs ansamblının yaradıcısı, tarzən Fikrət Verdiyev vəfat edib.
MilliYol.Az xəbər verir ki, sənətçi 75 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Verdiyev Fikrət Süleyman oğlu 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. 1957-ci ildə Gəncə şəhər 1 saylı musiqi məktəbində tar sinfinə gedib. 1962-ci ildə məktəbi bitirərək Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olub.
1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olub. Adil Gərayın sinfində təhsil alıb.
1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq ictimai əsaslarla “Göy göl” xalq çalğı alətləri ansamblını yaradıb.
1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göy göl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradıb.
2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” mahnı və rəqs ansamblını formalaşdırıb.
F.Verdiyev məşhur xanəndə, muğam ustası Xan Şuşinskinin qızı ilə ailə qurub. İki qızı, bir oğlu, 3 nəvəsi var.