YAP Təftiş Komissiyasının üzvü, sabiq deputat, keçmiş icra başçısı Musa Musayevin hazırda hansı vəzifədə çalışdığı məlum olub.
MilliYol.Az modern.az-a istinadla xəbər verir ki, bu barədə Musa Musayevin özü açıqlamasında bildirib.
“Hazırda Mərkəzi Seçki Komissiyasının Nərimanov rayonundakı 20 sayı Dairə Seçki Komissiyasında sədr vəzifəsində çalışıram. Bu vəzifəyə 2021-ci ilin avqust ayından təyin olunmuşam. Eyni zamanda, 2021-ci ilin martında Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında Təftiş Komissiyasının üzvü seçilmişəm”, deyə Musa Musayev qeyd edib.
Xatırladaq ki, Musa Musayev 1992-1994-cü illərdə YAP Nəsimi rayon təşkilatının sədri işləyib. O, 2000-2005-ci illərdə II çağırış Milli Məclisin deputatı olub. M.Musayev 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdi. Sabiq deputat 2006-2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Daha sonra uzun müddət Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevlə münasibətlərindəki soyuqluğa görə işsiz qalıb.
Yeri gəlmişkən, Musa Musayevin əmisi oğlu, sabiq deputat Alqış Musayev də Ramiz Mehdiyevlə aralarındakı konflikt səbəbindən uzun müddət işsiz qalıb. O da Ramiz Mehdiyevin gedişindən sonra “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsinə təyin edilib.