Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-leytenant Əsgər Abdullayevin vəzifə səlahiyyətləri əlindən alınıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Əsgər Abdullayevin adı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan Komitənin vəzifəli şəxsləri ilə iş birliyində hallanır. Məlumata görə, general artıq Bakıda və Naxçıvanda keçirilən əməliyyatlara görə istintaq orqanları tərəfindən dindirilib.
2006-cı il iyunun 21-dən Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsini tutan Əsgər Abdullayevin kurasiyasında Əməliyyat və İstintaq Baş İdarəsi, Növbətçi Hissələrin İdarəedilməsi Xidməti, Baş Gömrük Mühafizə Xidməti və Kinoloji Mərkəz olub.
Əməliyyat və İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Məsum Rəsulov DTX-nın keçirdiyi əməliyyat zamanı həbs edilib. Baş Gömrük Mühafizə Xidmətinin 76 yaşlı rəisi, general-mayor İsmayıl Ələkbərov və Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin rəisi, polkovnik Əjdər Abdullayev isə təqaüdə göndərilib.
Əsgər Abdullayev 1996-2006-cı illərdə Dövlət Gömrük Komitəsində İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. Bu illər ərzində sabiq Komitə sədri və hazırda fövqəladə nallar naziri olan general-polkovnik Kəmaləddin Heydərovla çox yaxın münasibətləri olub. Əsgər Əsgərovun hazırda iki qardaşı - Qüdrət və Adil Abdullayevlərin FHN-də yüksək vəzifə və rütbələri var.
Belə ki, Adil Abdullayev Kəmaləddin Heydərov DGK-nin sədri olduğu dönəmdə də gömrükdə çalışıb. O, FHN-nə transfer olunduqdan sonra general-mayor rütbəsinə kimi yüksəlib və hazırda Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisidir. Polkovnik Qüdrət Abdullayev isə FHN-nin baş əməliyyat idarəsində çalışır.
Kəmaləddin Heydərova yaxınlığı ilə tanınan Əsgər Abdullayevin gömrükdə kurasiyasında olan idarə və təşkilatlara cavabdehlik vəzifəsindən kənarlaşdırılıb, hazırda isə yalnız sədr müavini kimi yola salınacağı günü gözləyir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən Qaynarinfo-ya bildirilib ki, general-leytenant Əsgər Abdullayev sədr müavini vəzifəsindədir və onun işdən azad olunması ilə bağlı Prezidentin sərəncamını yoxdur.