Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin Tağıyev qəsəbəsi üzrə Nümayəndliyi “Eeverst Tikinti” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 45 723.82 AZN olan müqavilədə Xətai küçəsində asfaltlama işlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Everest Tikinti” MMC 11 mart 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Quba rayonu, Zərdabi küçəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Rəhimov Firdovsi Yaqub oğludur.
“Everest Tikinti” MMC şübhəli tenderlərdə iştirak üçün yaradılan şirkət kimi tanınır. Bu günə qədər şirkətin qanuni təmsilçisi 3 dəfə dəyişib. Fəxrəddin Rəhimovdan əvvəl MMC-nin qanuni təmsilçisi Nuşirəvanlı Fərid İbrahim oğlu olub. Fərid Nuşirəvanlı isə Abdulov Zəfər Yusif oğlunu əvəzləyib.
Fəxrəddin Rəhimov və Fərid Nuşirəvanlı barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Zəfər Abdulova gəlincə, onun adı və soyadı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin keçmiş rəsinin ad-soyadı ilə eynilik təşkil edir. Yerli mediada dərc edilən məlumatlara görə, şirkətin əsas sahibi də Zəfər Abdulovdur. O, məmur olmasından yararlanaraq bu şirkəti qurub.
Zəfər Abdulovun adı həm də xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun cinayət işində təqsirləndirilən şəxs kimi keçir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin çıxardığı hökmlə 1 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum olunub.
Maraqlıdır ki, “Everest Tikinti” MMC yarandığı vaxtdan indiyədək ən çox Sumqayət Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olub.
2022-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlar “Everest Tikinti” MMC ilə toplam maliyyə dəyəri 2 574 563.28 AZN olan 7 satınalma müqaviləsi imzalayıb. Müqavilələrdə abadlıq işləri, yolların asfalt örtüyünün təmir, küçə və prospektlərə yol cizgilərinin çəkilməsi işlərinin satın alınması nəzərdə tutulur.