Kərəcdə yaşayan və noyabrın 4-də həbs edilən azərbaycanlı ziyalı və rentgenoloq Həmid Qarahəsənli etiraz aksiyalarında SEPAH-a bağlı yarımhərbi və radikal "Bəsic" qüvvələrinin üzvünün öldürülməsi işinə görə edama məhkum edilib.
MilliYol.Az xəbər verir ki, bu barədə "Günaz TV" məlumat yayıb.
Məlumata görə, onun xanımı, kardioloq Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verilib.
Bundan öncə azərbaycanlı cütlük işgəncə məruz qalıb və yaralı vəziyyətdə kamera qarşısına çıxarılaraq onlardan məcburi etiraflar alınıb.
İran Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayeşi dekabrın 6-da mediaya açıqlamasında "Bəsic" üzvü Ruhullah Əcəmiyanın ölüm hadisəsinə görə 5 nəfərin edam cəzasına, 11 nəfərin isə uzunmüddətli həbs cəzasına məhkum edildiklərini bildirib.
Xatırladaq ki, azərbaycanlı cütlük sentyabrın 23-də Kərəcdə keçirilən aksiyalar zamanı hökumət qüvvələri tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqlarına görə tutulub, sonradan onlara qarşı ağır ittihamlar irəli sürülüb.