"Anar müəlim Əlisa Nicata şəxsən kömək eləməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında şair Qəşəm Nəcəfzadə yazıçı Əlisa Nicatın sosial vəziyyətindən danışarkən deyib. Qəşəm Nəcəfzadə deyir ki, Əlisa Nicatın sosial vəziyyəti onun ürəyini sızladıb:
"Əlisa Nicat mənim sevdiyim yazıçıdır, ürəyim ağradı onun vəziyyətinə. Yazıçılar üçün həm fərdi təqaüd, həm də bir illik prezident təqaüdü verilir. Bu artıq 2022-cü il üçün keçib, 2023-cü isə ərizə yazılıb, müraciət olunmalıdır. Sonra həmin müraciət Mədəniyyət Nazirliyinə, oradan isə Prezident Administrasiyasına göndərilməlidir. Bunun hüququ yolu budur. Anar müəllim düz deyir, onun sözündə böyük həqiqət var. Yazıçıların həqiqətən pulu yoxdur. Yazıçılar Birliyinin maliyyəsi olsa, mən də açıq ürəklə Əlisa Nicatı müdafiə edərəm. Çünki Əlisa Nicatın vəziyyəti mənim ürəyimi sızlatdı”.
İnsanlıq münasibətlərinə gəlincə, Qəşəm Nəcəfzadə deyir, ki, imkanlı şəxslər tərəfindən yazıçıya hörmət olunmalıdır:
"İstəyərdim ki, Anar müəllim, tanınmış iş adamları, deputatlar ona şəxsi büdcələrindən dəstək olsunlar, ən azı bir illik qaz pulunu versinlər. Anar müəllim bir insan, yazıçılıq baxımından özü ona hörmət etməlidir. Səməd Vurğun, Rəsul Rza cibindən nə qədər insana yaxşılıq edib. Hətta 1950-ci illərdə Səməd Vurğun 50 nəfər şair və yazıçıya ayda 100 manat yardım edirdi. Bu, 5 min manat edir. Onlara "Səməd Vurğunun yetimləri” deyirdilər. Odur ki, mən də, Anar müəlim də, lap elə jurnalistlər də Əlisa Nicata dəstək olmalıyıq. Qayğı ğöstərməliyik, Əlisa Nicat bizim ürəyimizdir”.
Yazıçı Əkrəm Əylisi isə bildirdi ki, ƏliSa Nicat şəhərdən kənarda yaşayır:
"Əlisa AYB-in üzvü olmalıdır. Mən onun AYB ilə münasibətlərindən xəbərsizəm. Əgər Əlisa AYB-in üzvüdürsə, oranın imkanlarından istifadə etməlidir. Əlisa çox mürəkkəb dövr yaşayıb. Öz aləmində yaşayan biridir, öz dünyası var. Son vaxtlar münasibətlərimiz yoxdur. Onun bu durumuna acıyıram. Kiminsə imkanı çatırsa, dəstək olsun. Bir vaxtlar onun qalın-qalın kitabları çıxırdı, yaxşı da satılırdı. Ağrılı bir məsələdir, özüm də sıxıntı, gərginlik keçirdim. Onun ətrafında adamlar var idi, kitablarını nəşr etdirdi, nə oldu, o adamlar hara getdi?”.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Əlisa Nicatın təqaüdlə bağlı quruma müraciət etmədiyini vurğulayıb: "Müraciət etsin, ilin sonuna qədər məsələyə baxılıb ona təqaüd ayrılar. Əlavə ödəniş üçün bizim heç bir imkanımız yoxdur. Biz ancaq təqaüd ayıra bilərik".
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza isə deyib ki, Anar Əlisa Nicata maliyyə yardımı edəcək.
Qeyd edək ki, tanınmış yazıçı Əlisa Nicat sosial durumunun vəziyyətindən gileylənib. 86 yaşlı yazıçı imkanı olmadığından gün ərzində 3 saat qaz yandırdığını deyib.
Digər xəbərlər
loading...