Putinin son bir neçə gündə Bakıya zəngləri intensivləşib: 17, 22 və 26 noyabr tarixlərində Əliyevlə telefon söhbətində əsas müzakirə mövzusu Soçi bəyanatı fonunda üçtərəfli razılaşmaların icrası olub;
Moskvanın təşəbbüsü yenidən nəzarətə götürməyə çalışdığı bəllidir, hərçənd, indi Qərblə yarışda zaman problemi də yaranıb. Çünki hər iki cəbhə tərəflərin ciddi fikir ayrılığının olmasına baxmayaraq, ilin sonuna qədər sülh müqaviləsi ilə bağlı konkret addımlara nail olmaq niyyətindədirlər və Putin İrəvanda da bəyan etdiyi kimi bu prosesdə önə çıxmağı planlaşdırır.
Lakin Putinlə Əliyevin hazırda üç məsələni müzakirə etdiyi ehtimalı ön plandadır:
1. Zəngəzur dəhlizi: Əliyev son çıxışında dəhlizin Ermənistanla yox, birbaşa Rusiya ilə müzakirə edildiyini açıqladı;
2. Sərhədin delimitasiyası: Əliyev bunun tarixi xəritələr əsasında həyata keçirilməsi tələbini yenidən aktuallaşdırdı;
3. Erməni silahlı dəstələrin Qarabağdan çıxarılması;
Bunların icrası olmadan sülh sazişinin imzalanması texniki baxımdan da mümkün deyil. Putin, Paşinyan və Əliyev arasında müəyyən çıxış yolları axtarır, lakin Moskva yalnız Bakının gündəliyi çərçivəsində irəliləyişə nail ola biləcəyini də anlayır: bu, həm Paşinyanın siyasi oriyentasiyasından, həm də müharibədən sonra yaranmış regional şərtlərdən qaynaqlanır;
Bu kontekstdə Əliyevin Putindən yuxarıda qeyd etdiyimiz üç istiqamətdə irəliləyiş tələb etdiyini hesab edə bilərik. Və əsas məqamlardan biri budur ki, Putin Əliyevin istədiyini verməsə, Azərbaycanın ata biləcəyi addımlar Rusiyanın planlarına uyğun olmayacaq.
Birincisi, Zəngəzur dəhlizinin açılmamasına qarşı Laçın dəhlizinə nəzarətin gündəmə gəlməsidir;
İkincisi, qanunsuz erməni silahlı dəstələrin çıxarılması üçün "məcburetmə əməliyyatı”nın keçirilməsidir;
Putin Əliyevi bundan çəkindirmək istəyir, hərçənd, razılaşmaların icrası üçün praktiki mərhələdə addımlarla bağlı ortaq məxrəcə gələ biləcəkləri də istinsa deyil.
Asif Nərimanlı