“Milli maraqlarımızın müdafiə edilməsində biz həmişə bir yerdəyik və bu ictimai dəstək əlbəttə ki, mənim işimi də asanlaşdırır. Biz istənilən məsələ ilə bağlı prinsipial mövqeyimizi həmişə ifadə edirik, deyirik. Biz haqq yolundayıq. İdman uğurlarımız, digər sahələrdəki uğurlar bunu göstərir”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan artıq dünyada bir idman mərkəzi kimi tanınır: “Eyni zamanda, bəzi hallarda hansısa səbəblər üzündən əgər bir ölkədə çempionat, dünya çempionatı keçirə bilmirlərsə, Bakıya müraciət edirlər, - bu yaxınlarda belə bir hal olub, - və biz çox operativ şəkildə, heç bir əlavə hazırlıq görmədən o çempionatı Azərbaycanda keçirə bilərik. Yəni, bu beynəlxalq idman qurumları, beynəlxalq federasiyalar üçün də artıq bir real faktdır, bunu bilirlər. Əgər hər hansı bir yerdə problem varsa, onlar bilirlər ki, bizə müraciət edə bilərlər və biz əlbəttə ki, istənilən yarışı qısa müddət ərzində ən yüksək səviyyədə keçirə bilərik. Bu, reallıqdır və bu reallığı biz özümüz yaratmışıq, heç kim bizə kömək etməyib. Əksinə bütün bu illər ərzində bəzi anti-Azərbaycan dairələri çalışırdılar ki, bizim uğurlarımıza kölgə salsınlar, bizi ləkələsinlər, bizə şər, böhtan atsınlar. Ancaq bunun heç bir təsiri olmayıb. Çünki nəticə göz qabağındadır və Azərbaycan xalqı həmişə həmrəylik göstərib”.
Dövlət başçısı qeyd edib ki, ötən il Bakıda keçirilmiş Avropa Oyunları bir daha idmanımızın inkişaf səviyyəsini göstərib: “Təşkil etdiyimiz Oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil. Bir daha göstərdi ki, biz güclü dövlətik. Bu Oyunlarda çox gərgin mübarizədə bütün Avropa ölkələri arasında ikinci yeri tutmaq doğrudan da böyük qələbədir, böyük qəhrəmanlıqdır. Siz də yaxşı xatırlayırsınız, təbii ki, mən də. Bu Oyunlar ərəfəsində, Oyunlar zamanı və sonra Azərbaycana qarşı mərkəzləşmiş qaydada aparılan çirkin kampaniya da çalışırdı ki, bu Oyunlara ləkə vursun, bizim imkanlarımızı aşağılasın və idmançılarımızın qələbəsini təhrif etsin ki, Azərbaycan bu Oyunların keçirilməsi ilə məşğul olan ölkədir, ev sahibliyi edib, ona görə də yüksək nəticələrdir. Rio Yay Olimpiya Oyunlarında əldə edilmiş qələbə bax, bu çirkin şayiələrə növbəti bir tutarlı zərbədir. Biz həm keçən il yüksək idman nəticələri göstərdik, eyni zamanda, bu Oyunların keçirilməsi də bütün beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Mən bir çox Yay Olimpiya Oyunlarında olmuşam. Müqayisə edə bilərəm və bunu söyləyərkən bir daha demək istəyirəm ki, bizim təşkil etdiyimiz Oyunlar heç bir Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı deyil. Bir çox parametrlər üzrə bu Oyunlar Yay Olimpiya Oyunları üçün də nümunə ola bilər. Bilirəm ki, indi bizim təcrübəmizi öyrənirlər”.
İlham Əliyev xatırladıb ki, Avropa Oyunlarının hazırlanması üçün Azərbaycanın cəmi iki il vaxtı olub: "Biz həm beynəlxalq yarışlarda, dünya çempionatlarında, Olimpiya Oyunlarında böyük qələbələr qazanırıq, həm də istənilən böyük miqyaslı beynəlxalq yarışı da təşkil edə bilirik. İllərlə, bəlkə də 7-8 il ərzində görülən işləri biz iki il ərzində görə bildik. Bu Oyunlarla bağlı Bakının ən müasir idman infrastrukturu yaradıldı və əsaslı şəkildə təmir edildi. Bu gün bizim idman qurğularımız xalqımıza, idmançılara xidmət göstərir. Yeni tikilmiş möhtəşəm Olimpiya Stadionumuz, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, təmir edilmiş digər idman obyektlərimiz bu gün ən yüksək standartlara cavab verir və biz bundan sonra da istənilən beynəlxalq yarışı keçirə bilərik. Avropa Oyunları əlbəttə ki, ölkəmizin təbliğinə də müsbət xidmət göstərib və biz bundan sonra da Bakıda beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi addımlar atmışıq”.
MilliYol.Az
Digər xəbərlər
loading...