Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş "Qisas 44” adlı kitabın təqdimatı keçirilib.
MilliYol.az xəbər verir ki, ailə üzvləri çıxış edərək şəhid mayor Vüsal Vəliyevin keçdiyi qəhrəmanlıq yolu, həyatı haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Kitabda mayor Vüsal Vəliyevin həyatı və döyüş yolundan bəhs edilir, ailə üzvlərinin, döyüş yoldaşlarının xatirələri, onun haqqında yazılmış poemalar, məqalələr, şeirlər və mahnı sözləri yer alır.
Tədbirdə millət vəkilləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri, media nümayəndələri, ziyalılar, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimai xadimlər, hərbiçilər, şəhid mayor Vüsal Vəliyevin sinif və kursant yoldaşları, ailə üzvləri iştirak etmişdir.
Qeyd edək ki, Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Dizə kənd tam orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
2009-cu ildən "leytenant” hərbi rütbəsində Beyləqan rayonunda xidmətə başlayıb.
Tank əleyhinə taqımın komandiri, motoatıcı taqım komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, motoatıcı bölüyün komandiri, tank əleyhinə bölüyün komandiri, motoatıcı taborun qərargah rəisi, tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Göygöl-Murovdağda xidmət edib, "mayor” hərbi rütbəsinəcən yüksəlib.
Xidmət etdiyi müddətdə mayor Vüsal Vəliyevə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, "10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Azərbaycan Ordusunun mayoru olan Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ-Kəlbəcər istiqamətindən döyüşə başlayıb, Şuşanın azadlığı uğrunda gedən döyüşlərədək savaşıb. Vüsal Vəliyev noyabrın 9-da şəhid olub.
Hərbi hissə qarşısında qoyulmuş bütün tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüşdə şücaət və igidlik göstərdiyi üçün mayor Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamıyla "Vətən uğrunda” "Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə” medalları və "Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Mayor Vüsal Vəliyev nişanlı idi.
Digər xəbərlər
loading...