"SCT-Germany”, "MANNOL”, "Pemco” kimi sürtkü və hidravlik yağlarının satışını həyata keçirən "Muxtaroğlu-VM" MMC-nin dövlətə yarım milyon manata yaxın borcu var.
Qaynarinfo-nun məlumatına görə, 2004-cü ildən fəaliyyət göstərən MMC-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 413 min 459 manat 63 qəpik borcu yaranıb.
Artıq bununla bağlı məhkəmə qərar verib və MMC-nin qanuni təsisçisi, baş direktoru Əliyeva Elnarə Ağacəfər qızının ölkədən çıxışına qadağa qoyub.
Buna cavab olaraq Elnarə Əliyeva İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi barədə Ali Məhkəməyə müraciət edib. İşə Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlovun sədrliyi ilə baxılacaq.
İddialara görə, "Muxtaroğlu-VM" MMC-nin əsl sahibi Milli Məclisin sabiq spikeri Oqtay Əsədovdur. Xırdalan şəhərində yerləşən MMC-nin müştəriləri arasında böyük kommersiya və dövlət şirkətləri, dövlət strukturları, şəhər və bələdiyyə qurumları, kommunal xidmətlər, avtobus və taksomotor parkları, təşkilatlar, aparıcı geoloji kəşfiyyat və qazma işləri, liman xidmətləri, hava limanlarının uçuş-enmə zolaqlarına xidmət edən şirkətlər, şəbəkə hipermarketləri və yanacaqdoldurma stansiyaları, eləcə də iri həcmli şirkətlər var.