Azərbaycanda avtomobil parkı yenilənəcək, istismar müddətini başa vuran avtomobillər isə utilizasiyaya göndəriləcək. Bunun əvəzində vətəndaşlara yeni avtomobillər almaları üçün şərait yaradılacaq.
Ölkədə köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.
Belə ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın 7.3.7.1-ci bəndində Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnə, texniki-təhlükəsizlik və ekoloji cəhətdən yararsız nəliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub.
Layihə nəticəsində yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələri utilizasiya ediləcək, yollarda şütüyən köhnə avtomobillər isə mərhələli şəkildə yeniləri ilə əvəzlənəcək. Bildirilir ki, istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.
Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəyidir. Məsələnin aktuallığını nəzərə alaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə sorğu göndərib.
Nazirlikdən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən "Nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi" istiqamətində işlər davam etdirilir:
Proqram çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyasının tam könüllülük əsasında həyata keçirilməsi, o cümlədən bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.
Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulmuşdur.
Layihə hazırda dövlət qurumları ilə razılaşdırma mərhələsində olduğundan, layihənin detalları barədə ətraflı məlumat aidiyyəti normativ sənədlər təsdiq edildikdən sonra veriləcəkdir".