Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparır.
MilliYol.az xəbər verir ki, yoxlama ötən gündən başlayıb və bu gün də davam etdirilir.
İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır.
Qeyd edək ki, S. Haqverdiyeva bir neçə gün əvvəl “Qaynarinfo”ya müsahibəsində bu fikirləri səsləndirmişdi: “Bu yaxınlarda peşəkar, işinin ustası rejissor Namiq Ağayevin 60 illik yubiley gecəsini keçirdik. Tədbirdə Azərbaycan mədəniyyəti və incəsənətinin görkəmli nümayəndələri iştrak etdilər. Lakin bir neçə gün öncədən dəvət olunduqları halda Mədəniyyət Nazirliyindən bir nəfər də olsun yubileyə gəlmədi. Bir-iki teatrı nəzərə almasaq, nazirliyin müvafiq şöbəsinin bu sahəyə ögey münasibəti var”.
Bir neçə ay əvvəl isə Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə Lent.az-a müsahibəsində teatrda qarşı ögey münasibət bəsləndiyini bildirmişdi: “Teatrın 90 illiyi keçirildi, bu ölkə üçün, mədəniyyətimiz üçün hadisə hesab olunmalıdır. Amma nazir bu tədbirə gəlmədi. Bu, nonsensdir, dünyada belə bir şey yoxdur”.
Mədəniyyət Nazirliyi isə məsələyə münasibət bildirməyib.