VITAM şirkətinin layihələrin idarəedilməsi üzrə departamentin rəhbəri Hit.az-a müsahibəsi:
“Keyfiyyət istehsal edirik”
- Bu müsahibəyə hazırlaşərkən sosial şəbəkələr üzərindən son aylarda təhvil verdiyiniz işlərlə tanış olduq. Anlaşılan qədəri ilə sifarişlərinizin əksəriyyəti xarici markalar tərəfindən verilir. Buna necə nail olmusuz və qlobal səviyyəli əməkdaşlıqlar sizə necə təsir göstərir?
- 2004-cü ildən etibarən göstərdərdiyimiz fəaliyyət dövrü ərzində yaradıcı vizual reklam həllərini yalnız bütün keyfiyyət prinsiplərini qorumaqla istehsal etməyi əsas prioritet kimi götürmüşük. Henri Fordun gözəl bir misalı var: “Keyfiyyət heçkəsin görmədiyi anda hərşeyi düzgün etmək deməkdir”. Bilirsiniz, burada təkcə məhsulun və ya xidmətin keyfiyyətindən söhbət getmir, həmçinin proseslərin keyfiyyəti də önəmlidir. Biz göstərdiyimiz xidmətlərin hər birində müxtəlif növ yoxlamalar və qiymətləndirmələr vasitəsi ilə müəyyən əks-əlaqələr formalaşdırırıq. Düşünürəm ki, bizə yaxşı referanslar qazandıran ən əsas səbəblərdən biri və ən başlıcası məhz bu amildir. Hal-hazırda çalışdığımız dünya brendlərinin əksəriyyəti ilə birbaşa qlobal ofisləri vasitəsi ilə əlaqə yaradırıq və onların regiondakı layihələrini icra edirik. Sirr deyil ki, dünya markalarının özünəməxsus qaydaları bizim istehsalat həllərimizə birbaşa təsir edir və bunun sayəsində biz istehsalatımızı günü-gündən inkişaf etdirir, daha yaxşı xidmət göstərmək üçün müxtəlif növ proseslər aparırıq.
- Dünya markalarının nə kimi qaydaları var və onların regiondakı hansı növ layihələrini icra edirsiz?
- Müxtəlif şirkətlərin özünə məxsus, spesifik “guidelines”ları mövcuddur. Burada onların tələbi yalnız dizayn, ölçülər və ya rəng kodları ilə bağlı olmur. Bir çox dünya brendlərinin məhz bu qaydalar kitabına nəzər salsanız görərsiniz ki, istehsal həlləri ilə yanaşı, oradakı materialların xarakteristikaları, zəmanətləri, hətta adları ilə bağlı müəyyən tələblər mövcuddur. Belə bir maraqlı məlumatı bölüşüm ki, bir dəfəsində dünya səviyyəli məşhur otellər şəbəkələrindən birinin layihəsinin icrası bizə həvalə edildi. Sifarişdən öncə biz bu qaydalar kitabının auditini apararkən müəyyən yalnışlıqların olduğunun şahidi olduq və dərhal bu barədə onların özlərinə məlumat verdik. Həqiqətən istehsal həllində yanlış təkliflər mövcud idi və öz növbəmizdə daha doğru olanın texniki həllərini təqdim etməklə qarşı tərəfə bütün detalları izah etdik. Müəyyən proseslər sonrasında onlar bizimlə razılaşdı, “guidelines”larında dəyişiklik etməli oldular. Düşünə bilirsinizmi ? Yerli marka olaraq dünya səviyyəli brendə təsir etmək və qaydalar kitabçasında dəyişikliyə səbəb olmaq. Biz, xarici brendlərin regiondakı bir çox layihələrini icra edirik, buraya dizayn layihələndirmə, reklam həlləri, mebel həlləri, genişformatlı çapların hərbirindən müəyyən parçalar daxildir. Sifariş həcminin genişliyi və layihə mürəkkəbliyi bizə yeni imkanlar əldə etmək üçün açardır.
- Hansı markalarla çalışırsız?
- Qlobal brendlər içərisində ən sıx əməkdaşlıq çərçivəsində olduğumuz markalar kimi mən sizə bir çox adları çəkə bilərəm, yalnız ən əsasları kimi “Samsung”, “Bosch”, “Sony”, “UNDP”, “BAT” nəzərə ala bilərik. Həmçinin ölkəmizdə bir çox dünyaca məşhur geyim brendlərini özündə cəmləşdirən riteyl qruplara məxsus layihələrin icrası da şirkətimiz tərəfindən həyata keçirilir. Əslində ticarət mərkəzlərində, mollarda, mağazalar şəbəkələrində tez-tez bizim həllərlə, misal üçün daxili reklamlar, işıqlı qutular, dekor və ambient reklamları, vitrin stendləri və s. ilə qarşılaşa bilərsiniz.
- Çıxışlarınızın birində sərgi stendləri ilə bağlı müsahibənizlə tanış olmuşduq. Burada söhbət stendin quraşdırılmasından gedir ? Bildiyimiz qədəri ilə bir çox sərgilərdə nominasiyalara layiq görülmüsüz, bu sərgilərə misal olaraq hansılar aiddir?
- Əlbəttə, sərgi stendləri əslində bizim həllərimizi ümumiləşdirəcək bir konsepti təşkil edir. Çalışdığımız şirkətlər üçün maksimum faydalı olmağa, onları bu sərgi gözləntilərini daha da artırmağa yönümlü addımlar atırıq. Sirr deyil ki, hal-hazırda şirkətlərin əksəriyyəti müxtəlif sərgilərdə iştirakları vasitəsilə öz satış həcmlərini artırır, daha çox topluma xitab edə bilmək üçün iştirak edirlər. 2019-cü ildə SOCAR, 2021-ci ildə Azərsun, 2022-ci ildə Azərşəkər üçün hazırladığımız sərgi stendləri öz sərgilərində mükafata layiq görülərək ilk pillələrə sahib olub. Sərgi stendləri ilkin mərhələdən etibarən, yəni dizayn və layihələndirmə mərhələsindən, istehsalat, quraşdırılma, sökülməsi, şirkətə məxsus anbara təhvil verilməsinə kimi VITAM komandası tərəfindən həyata keçirilir. Ancaq təəssüf ki, müəyyən hallarda, bəzi yerli şirkətlər, ölkəmizdə bucür xidmətlərin göstərilməsinə rəğmən, xarici istehsalçılara müraciət edirlər. Mən, Fərid Nemətzadə olaraq, buradan sizin vasitənizlə, bəzi yerli şirkətlərə demək istəyirəm ki, Azərbaycanda belə sifarişlərin öhdəsindən gələ biləcək şirkətlər mövcuddur və əmin olun ki, yerli istehsalçılara etibar etmək sizi yanıltmayacaq.
- Sizin sahə də daxil olmaqla, yerli istehsalçıların xarici bazarda tanınmasına əngəl olan nədir ? Niyə yerli istehsalatın ixracat payı azdır?
- Xarici bazara satış etmək üçün hər zaman əlimizdən gələni etməyə çalışmışıq. Hətta Azərbaycanda okeanın o tayına ixracat etmiş ilk və yeganə yerli reklam istehsalçısı olduğumuzu deyə bilərəm. Hadisələr elə gətirdi ki, 2020-ci ildə ABŞ-da istehsalatımız quruldu. Hal-hazırda 2 ilə yaxındır ki, fəaliyyət göstərən VITAM Amerika xarici bazarda yerli marka kimi kifayət qədər uğurludur. Qarşımıza qoyduğumuz ambisiyalardan biri də, növbəti 5 il ərzində, dünyanın 5 müxtəlif nöqtəsində istehsalat fabriklərimizi qurmaqdır. Bunun səbəb və nəticəsi kimi, 2023-cü ildə VITAM Georgia və VlTAM Uzbekistanın fəaliyyətə başlamasını planlaşdırmışıq. Əsas məqsədimiz ixracat yönümlü satışları artıraraq ölkə iqtisadiyyatına dəstək olmaqdır. Markalarımızın xarici bazarda tanınmasına yönəli hər hansı bir əngəlin olduğunu düşünmürəm və ölkəmizdə kifayət qədər ixracat yönümlü sifarişlər qəbul edən şirkətlər mövcuddur. Lakin bunların sayını daha da artırmaq üçün daha da çalışmaq, sistemləşmək, xarici bazarları araşdırmaq, kəşf etmək, yarana biləcək zəruri ehtiyacları müəyyənləşdirmək üçün addımlar atmaq gərəklidir.