Azərbaycanda bir sıra tibb işçilərinin əməkhaqqına tətbiq edilən əlavələr artırılıb.
Bu barədə MilliYol.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Agentliyin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişikliklər edilib. Dəyişikliklərdə həkimlərlə yanaşı, orta tibb işçiləri üçün də artımlar nəzərdə tutulub. Belə ki, bir sıra həkim və orta tibb işçilərinin aylıq sabit həvəsləndirici əlavələri 14-150 % artırılıb. Artım Statistika və Aptek bölmələrinin rəhbərləri vəzifələrində çalışan həkimlərə, provizor vəzifəsi üzrə çalışan həkimlərə, həkim-statistik, həkim-metodist, tibbi şöbələrin (bölmələrin, kabinetlərin) müdirlərinə (həkim-stomatoloq istisna olmaqla) şamil olunur. Həmçinin ilk dəfə olaraq tərbiyəçi və əmək terapiyası üzrə təlimatçı vəzifələrində çalışan orta tibb işçilərinin aylıq vəzifə (tarif) maaşına 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr təyin olunub.
Bundan başqa, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən Agentlik tərəfindən yaradılmış “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”ya üzv təyin olunmuş həkim-mütəxəssislərin aylıq vəzifə (tarif) maaşına da 200 manat məbləğində aylıq sabit həvəsləndirici əlavələr müəyyən edilib.
Eyni zamanda, terapiya və pediatriya ixtisasları üzrə çalışan həkimlər üçün 25 nəfər sığortaolunandan 35 nəfərə, həkim-mama-ginekoloq və bütün cərrahi ixtisaslar üzrə çalışan həkimlər üçün 20 nəfərdən 30 nəfərə ambulator fəaliyyət üzrə işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi artırılıb.
Bundan əlavə, ultrasəs müayinə üzrə çalışan həkim üçün işin nəticələrinə görə həvəsləndirici əlavənin tətbiq edildiyi iş günü həddi 25 nəfər sığortaolunandan 30 nəfərə çatdırılıb.
Tibb müəssisələrinin struktur bölmələrində böyük tibb bacısı (qardaşı), böyük mama, böyük feldşer, böyük laborant və təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışanlar üçün aylıq sabit həvəsləndirici əlavələrə tətbiq edilən artım 15 faizdən 50 faizədək yüksəlib. Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışanlara isə Vahid Tarif Cədvəli üzrə əməyin ödənilməsi dərəcəsinə uyğun aylıq vəzifə (tarif) maaşının 15 faizi həcmində artım tətbiq edilib.
Qaydaya dəyişiklik noyabrın 4-dən qüvvəyə minib.