İranda ay yarımdır ki, başlayan kütləvi etirazlar səngimək bilmir. Tehranda əxlaq polisi tərəfindən "yanlış hicab geyindiyi" üçün saxlanılan 22 yaşlı Məhsa Əminin ölümündən sonra başlayan etirazlar, artıq ölkənin bütün bölgələrini bürüyüb.
Molla rejimi etirazlardan o qədər qorxuya düşüb ki, kimi gəldi həbs edir. Həbs olunanlar arasında əcnəbilər, o cümlədən dünya çempionatının başlaması üçün Madriddən Qətərə piyada getməyi planlaşdıran ispaniyalı fanat Santyaqo Sançes də var. O, 9 ay ərzində 15 ölkədən keçib, oktyabrın 1-də İraq və İran sərhədindən son paylaşımını edib, bundan sonra onunla əlaqə kəsilib. Onun Saqqız şəhərində Əminin qəbrini ziyarət edərkən həbs olunduğu və Tehran həbsxanasına aparıldığı bildirilir.
İranın şərəfini qorumaqdan imtina edən kapitan
İran rejiminin sərt repressiyasına baxmayaraq, ölkənin məşhur idmançıları da xalqın yanındadırlar. Məhsanın öldürülməsinə etiraz əlamət olaraq İranın qılıncoynatma üzrə milli komandasının kapitanı Moytaba Abedini yığmanı tərk etdi. O, dünya çempionatında medal qazanan ilk iranlı qılıncoynadandır. Moytaba qərarını belə şərh edib: "Mənim ölkəmdə insanlara hörmət edilmir, onları döyürlər. Mənim borcum onlara rəğbətimi bildirməkdir. Qadınlara və ölkəmə hörmət etdiyim üçün İran millisi ilə həmişəlik vidalaşmalıyam”.
2009 və 2011-ci illərdə gənclər arasında dünya çempionatının bombardiri və Almaniyanın yüksək liqasında çıxış edən ilk iranlı Səccad Esteki də eyni səbəbdən həndbol yığmasını tərk etdi.
Elnazla neçə iş apardılarsa...
Etirazın siması bir müddət dırmanma yarışlarında iştirak edən atlet Elnaz Rekabi oldu. O, Seulda keçirilən turnirdə hicabsız yarışdı. Tehrana qayıdan idmançını insanlar qəhrəman kimi qarşıladılar. Lakin fars rejiminin amansız təhlükəsizlik qüvvələri də onu gözləyirdilər. Elnazla necə "iş” apardılarsa, yarış zamanı baş geyiminin təsadüfən düşdüyünü bildirmək məcburiyyətində qaldı. İran əsilli amerikalı döyüşçü Beneil Dariuş UFC 280-də qələbəni İran xalqına həsr etdiyini bildirdi: "Mən bilirəm ki, siz azadlıq uğrunda mübarizə aparırsınız. Sizin üçün dua edirik və sizi sevirik”.
"Asiya Maradonası” müxalifətin yeni lideri?
İdmançı etirazlarının öncülləri isə futbolçular idi. Əksəri də sabiqlər. Molla rejiminə qarşı əsas etirazçılardan biri "Bavariya”nın keçmiş yarımmüdafiəçisi, 2004-cü ildə Asiyanın ən yaxşı futbolçusu seçilən, vaxtilə "Asiya Maradonası” ləqəbi ilə tanınan Əli Kərimi idi. Sosial şəbəkələrdə 15 milyonluq auditoriyaya müraciət edən Kərimi təkcə nümayişçilərə dəstəyini ifadə etmir, internet blokadalarından yan keçmək üçün məsləhətlər verir, həm də ordunu etirazçıların tərəfinə keçməyə çağırırdı.
İranın "Fars” xəbər agentliyi ( İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə olunur) Kərimini yeni müxalifət lideri adlandırıb və onu həbs etməyə çağırıb. Oktyabrın əvvəlində Kərimi qiyabi olaraq iğtişaşları qızışdırmaqda ittiham edilib və onun Tehran ətrafındakı Lavasan qəsəbəsindəki evi İran hakimiyyəti tərəfindən müsadirə olunub. "The New York Times” yazır ki, binanın girişinin qarşısında beton blok qoyulub, İranın futbol əfsanəsinin digər mülkləri də möhürlənib.
Oğurlamaq istədilər, son anda...
Hazırda Dubayda yaşayan Kərimi mollaların bu biabırçı addımına belə cavab verib: "Torpaqsız evin heç bir dəyəri yoxdur". İran hakimiyyəti futbolçunu BƏƏ-dən də oğurlamağa cəhd edib. Bu barədə Kəriminin dostları məlumat verib. Onların sözlərinə görə, tanışlardan biri keçmiş futbolçu ilə əlaqə saxlayıb və İranı tərk etmək istədiyini bildirib. O, Əlidən Dubaydan təxminən 120 km aralıda olan Füceyrə şəhərində görüşməyi xahiş edib. Yalnız son anda Kərimiyə xəbərdarlıq ediblər ki, Füceyrədə onu tələ gözləyir.
Bir milyondan çox petisiya
İndi İran televiziyasında Kəriminin adının çəkilməsi qadağan edilib. Sentyabr ayında "Football One” verilişinin aparıcısı Mojtaba Purbaxşa Kəriminin mesajını sosial şəbəkədə təkrar yayımladığı üçün işdən çıxarılıb. Hakimiyyət orqanlarını Kəriminin hədsiz populyarlığı ciddi narahat edir. Cəsarətli bəyanatlarla yanaşı, o, uzun müddətdir xeyriyyə təşəbbüsləri ilə tanınır. Tehranda etiraz edən kütlə onun adını elə qışqırırdı ki, mollaların, yəqin ki, qulaqları batırdı. Bir milyondan çox iranlı isə "Mən Əli Kərimini dəstəkləyirəm” petisiyasını imzalayıb.
"Yaşıl sarğı” etirazı və "Rədd ol, diktator” şüarı
Amma Kəriminin hazırkı rejimi qəbul etməməyinin kökləri daha dərindir. Hər şey 2009-cu ilin yayında, Kərimi və digər beş futbolçunun İran müxalifətinin lideri Mirhüseyn Musəviyə dəstək əlaməti olaraq yaşıl sarğı ilə Cənubi Koreya ilə oyuna çıxması ilə başladı. Yaşıl rəng Musəvi tərəfdarlarının simvolu idi. Həmin günlərdə İran tarixin ən gərgin prezident seçkilərindən birini yaşayırdı: islahatçı Musəvinin reytinqi yüksək olsa da, mühafizəkar Mahmud Əhmədinecata uduzdu (33,8% - 62,6%).
Musəvi və tərəfdarları saxtakarlıq olduğunu bildirdilər. Nümayişlər başladı, polislə toqquşmalar oldu. Koreya ilə oyunda iranlılar təkcə meydanda deyil, tribunada da etirazlarını bildiriblər. Seulda iranlı azarkeşlər "Cəhənnəm ol, diktator”, "Səsim haradadır?” sözləri yazılmış pankart açdılar. Və bir də "Azad İran" bayraqları.
Karyerasını bitirdi və daha sərt oldu
Kərimi 2014-cü ildə karyerasını başa vurandan sonra rejimə qarşı daha sərt mübarizə aparmağa başladı. O, qadınların stadionlara gəlməsinə qadağa qoyulmasını pislədi, yerli Futbol Federasiyasını korrupsiyada ittiham etdi, rejimi ərzaq qiymətlərinin kəskin artmasına və İran tərəfindən səhvən vurulan sərnişin təyyarəsinə görə tənqid etdi. Kərimi edama məhkum olunanların müdafiəsi üçün də çıxış edib, Urmiya gölünün qurumasından danışıb, Abadanda korrupsiya və səhlənkarlığa qarşı keçirilən etirazları dəstəkləyib.
"Sən nə edibsən, ay axmaq?”
Bu yay İran İnqilabı Keşikçiləri Korpusunun zabiti və tanınmış sui-qəsd nəzəriyyəçisi Həsən Abbasi futbolçuları "siyasəti, cəmiyyəti, dini, əxlaqi və İslami prinsipləri başa düşməyən yararsız insanlar” adlandırdı. Kərimi sosial şəbəkədə ona emosional cavab verdi: "Biz, heç olmasa, bir neçə insanı sevindirə bilmişik. Sən nə edibsən, ay axmaq?”
Kəriminin dini mühafizəkarlarla münasibəti çox gərgindir. Bir neçə ay əvvəl vaiz Həmid Rza Moavenyan Kərimini əclaf və avara adlandırmışdı. Amma eyni dərəcədə sərt cavab aldı.
Cavad Zərifə tutarlı sual
Kəriminin bu və ya digər şəkildə toxunduğu digər qaynar mövzu İsraillə bağlıdır. 2018-ci ilin fevralında həmin vaxt İranın Xarici işlər naziri olan Məhəmməd-Cavad Zərif iqtisadi böhrana baxmayaraq, Tehranın anti-İsrail döyüşlərini dəstəkləməsinə haqq qazandırdı: "Biz Fələstin xalqını müdafiə etməkdən qürur duyuruq. Baxmayaraq ki, hamımız təzyiq altındayıq”.
Əli Kərimi sosial şəbəkədə Zərifə sual verdi: "Kimə təzyiq edilir? "Sizə”, yoxsa "bizə”?”
İranın futbol yığmasının hazırkı oyunçusu Vuri Qafuri əlavə etmişdi: "Siz təzyiq altında deyilsiniz. Əslində, sadə insanlar təzyiq altındadır”.
Artıq İrandakı etirazlar molla nəzarətindən çıxıb. İndi bu faşist rejiminə uşaq da, yeniyetmə də, gənc də, yetkin də, ahıl da etiraz edir. Bu etirazın qarşısını almaq isə mümkünsüzdür. Baxmayaraq ki, molla rejimi var gücü ilə təzyiq göstərir, xalqı əzir. Amma günü-gündən də zəiflədiyi görünür. Deməli, çox qalmayıb...
Mənbə: Publika.az
Digər xəbərlər
loading...