"Vaşinqton sənədi" və ya "Brüssel variantı" mövcud deyil, bunu Cənubi Qafqazda mövqelərini itirməkdə olan Rusiyanın prezidenti Vladimir Putin sülh prosesini pozmaq üçün özündən uydurmuşdu... Kremlin yalan propoqandası artıq ifşa olunur, Rusiyanın vasitəçilik missiyasının iflasa uğradığı isə inkaredilməz reallıqdır...
Rusiyanın sülh prosesini pozmaq cəhdləri iflasa uğramaq üzrədir. Kreml Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə müdaxilə etməkdə çətinlik çəkir. Yəni, Rusiyanın ənənəvi regional hegemonluq mexanizmləri artıq işə yaramır, Kremlin hadisələrə təsir imkanları ciddi şəkildə məhdudlaşıb.
Ən önəmli məqamlardan biri də ondan ibarətdir ki, Rusiyanın ənənəvi imperialist metodları da daha əvvəlki kimi əhəmiyyət daşımır. Düzdür, hələlik Kremlin dediklərini dinləmək lazım gəlir, ancaq hesablaşmaq qətiyyən vacib deyil. Və bu, Rusiyanın vasitəçilik missiyasının da tədricən sona çatmaq üzrə olduğunu göstərir.
Əslində, Rusiyanın regional sülh prosesinə vasitəçiliyi tamamilə qüsurlu taktika üzərində qurulub. Belə ki, Kreml öz maraqlarını Azərbaycan və Ermənistana qəbul etdirmək üçün sülh prosesini geopolitik alətə çevirməyə çalışır. Bu prosesdə Azərbaycan və Ermənistan sülh sazişini imzalaması isə Rusiyaya ümumiyyətlə, sərfəli deyil.
Bütün bunlar prezident Vladimir Putinin vasitəçiliyi ilə keçirilmiş üçtərəfli Soçi görüşündə də açıq-aşkar müşahidə olunmuşdu. Kreml təşəbbüsü Rusiyanın əlindən almaqda olan ABŞ və Qərbin regional sülhyaratma cəhdlərini əngəlləmək üçün tez-tələsik Soçi görüşünü icad etmişdi. Tərəflərə məhz Rusiyanın maraqlarını ifadə edən bir sənədi qəbul etdirməyə çalışmışdı. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin sərt müqavimətinə tuş gələrək, uğursuzluğa uğramışdı.
Ona görə də, ABŞ və Qərbin Rusiyanın yenidən bir kənara itələyib, oyundankənar vəziyyətə salması o qədər də çətin olmadı. Burada ABŞ və Qərbin Rusiya ilə vasitəçilik metodlarındakı fərqlər də xüsusi rol oynayır. Belə ki, Kreml vasitəçiliyi yalnız Rusiyanın geopolitik maraqlarından yanaşır, gərginliyin dozasını da artırmağa çalışır. ABŞ və Qərb isə regionda sülhün və sabitliyin bərpa edilməsinə üstünlük verir. Elə məhz bu məqam da ABŞ və Qərbin geopolitik maraqlarını ifadə edir.
Belə anlaşılır ki, Rusiya sülh prosesini əngəlləməyə, ABŞ və Qərb isə onu inkişaf etdirməyə can atır. Kreml Azərbaycan və Ermənistan arasında ikitərəfli təmasların qarşısını almaq üçün əlindən gələn hər şeyi edir. Prezident Vladimir Putinin vasitəçiliyi ilə keçirilən görüşlər olduqca absurd formatla yüklənir. Kreml sahibi əvvəlcə Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirir. Yalnız bundan sonra üçtərəfli format üzrə müzakirələr başlayır. Və bu, Rusiyanın vasitəçiliyi ilə sülh sazişinin heç vaxt imzalanmayacağını göstərən əsas əlamətlərdən biridir.
ABŞ və Qərbin metodları və seçdiyi format tamamilə fərqli məzmun daşıyır. Belə ki, əvvəlcə Azərbaycan və Ermənistan təmsilçiləri birbaşa ikitərəfli görüşlər keçirirlər. Yalnız bundan sonra vasitəçi tərəfin də iştirakı ilə üçtərəfli müzakirələr aparılır. Halbuki, Rusiyanın formatında ikitərəfli görüşlər ümumiyyətlə, yaxına buraxılmır, Kreml Azərbaycan və Ermənistan təmsilçilərinin birbaşa təmaslarından narahat olur və buna imkan vermir.
Maraqlıdır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son Vaşinqton görüşü də bu önəmli fərqləri qabarıq şəkildə nümayiş etdirir. Belə ki, ABŞ dövlət katibi Entoni Blinken xarici işlər nazirlərinin ikitərəfli görüşünün baş tutmasını təmin edib. İki nazir birbaşa müzakirələri başa çatdırdıqdan sonra ABŞ dövlət katibinin də iştirakı ilə üçtərəfli format işə salınıb. Və sülh prosesini uğura yalnız münaqişə tərəflərinə birbaşa təmas imkanları verən belə proqressiv model apara bilər.
Onu da qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken üçtərəfli görüşdə açıq mətnlə bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına nail olmaq üçün yalnız ikitərəfli təmasları intensivləşdirməlidirlər. O, vurğulayıb ki, birbaşa dialoq real sülh üçün ən doğru yoldur və Ağ Ev bunu dəstəkləyir.
ABŞ dövlət katibi xüsusi olaraq, qeyd edib ki, Ağ Ev Azərbaycanın və Ermənistanın suverenliyi, ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir: "30 ildən artıq bir müddətdə "Dağlıq Qarabağ ətrafında münaqişə" çoxsaylı insan və böyük maddiyyət itkilərinə səbəb olub. İndi baş verənlər isə keçmişi arxada buraxıb, möhkəm sülhə nail olmaq istiqamətində real və cəsarətli addımlar hesab oluna bilər. ABŞ həm Ermənistanın, həm də Azərbaycanın dostu kimi bu sülhyaratma cəhdlərini dəstəkləyir".
Göründüyü kimi, ABŞ və Qərbin sülh prosesində tutduğu mövqe Rusiya ilə müqayisədə daha səmimi və neytral xarakter daşıyır. Kremli isə yalnız Rusiyanın geopolitik mövqelərini möhkəmləndirə biləcək məqamlar daha çox maraqlandırır. Sülh sazişi Rusiyanı Cənubi Qafqazdan kənara atacağından Kreml israrla bunu əngəlləyir. Və bu baxımdan, Rusiya Cənubi Qafqazda sülh prosesinin qarşısında əsas problem rolunu oynayır.
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın açıqlaması da məzmun etibarilə bunu təsdiqləyir. Onun sözlərinə görə, Rusiya "status" məsələsinə indi toxunmağın əlverişli olmadığını və bunu gələcəkdə müzakirə etməyin vacibliyini bildirir. Və bu, Ermənistana daha çox sərfəlidir.
Ancaq həm Rusiya, həm də Ermənistan anlamalıdır ki, bu variant tamamilə absurddur. Çünki Azərbaycan və Ermənistan arasında münaqişənin mənbəyi məhz erməni separatizmidir. Azərbaycan bu problemi böyük ölçüdə həll edib. Geriyə yalnız Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə mövcud situasiyanın rəsmiləşdirilməsi qalıb. Əgər, Rusiyanın icad etməyə çalışdığı variant ön plana çıxarsa, deməli, Kreml Cənubi Qafqazda sülh prosesini daha 30 il uzatmağa nail ola bilər. Və Rusiyaya belə bir imkan vermək qətiyyən olmaz.
Rəsmi Bakı hər hansı "status" mövzusunu heç kimlə, o cümlədən, Ermənistan və ya Rusiya ilə müzakirə etmək niyyətində deyil. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgədə mövcud olan vəziyyət Azərbaycanın daxili işidir. Rəsmi Bakı Azərbaycanın Konstitusiyası çərçivəsində bu məsələni nizamlamaq niyyətindədir. Rusiya sülhməramlı qüvvələri də Azərbaycan ərazilərini tərk etməli olacaq.
Maraqlıdır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü də məhz rəsmi Bakının müəyyən etdiyi 5 baza prinsipi əsasında hazırlanmış sülh sazişinin müzakirəsinə həsr olunub. Azərbaycanın təklif etdiyi 5 baza prinsipi birmənalı şəkildə beynəlxalq hüquq normalarına əsaslanır. Və rəsmi İrəvanın bu prinsiplərə etiraz etmək şansları demək olar ki, mövcud deyil.
Onu da qeyd etmək lazımdır ki, Vaşinqton görüşü ərəfəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da xarici işlər nazirlərinin müzakirəsində olan məsələni ictimailəşdirmişdi. O, bildirmişdi ki, rəsmi Bakı Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında sülh sazişinin ilkin və daha geniş variantını da hazırlayaraq, Ermənistana təqdim edib: "Vaşinqtonda bu variantın müzakirəsi aktualdır".
A.Qriqoryanın açıqlamasında rəsmi İrəvanın Rusiyada narazılığı da diqqəti çəkir. Çünki, o, Rusiyanın üçtərəfli Soçi görüşü ərəfəsində rəsmi İrəvana verdiyi heç bir vədi yerinə yetirə bilmədiyindən şikayətlənib: "Rusiya bəyan etmişdi ki, onun Ermənistan üçün daha sərfəli təklifləri var. Ancaq Soçidə imzalanmış sənədin mətnində buna rast gəlmədik".
Göründüyü kimi, rəsmi İrəvan Soçi görüşündən sonra Rusiyaya ümumiyyətlə, güvənmir. Ermənistan siyasi dairələrində artıq anlayırlar ki, Cənubi Qafqazda şərtləri diqtə etmək hüququ Kremlin deyil, məhz rəsmi Bakının əlindədir. Ona görə də, regional sülh prosesi üzrə "Rusiya variantı" ciddiyə alınmır.
Digər tərəfdən, "Vaşinqton sənədi" və ya "Brüssel variantı" da mövcud deyil. Bunu Cənubi Qafqazda mövqelərini itirməkdə olan Rusiyanın prezidenti Vladimir Putin Paşinyan hakimiyyətini hədəfə almaq, sülh prosesini pozmaq üçün özündən uydurmuşdu. Və bu baxımdan, Kremlin yalan propoqandası artıq ifşa olunmuş da hesab edilə bilər.
Reallıq ondan ibarətdir ki, sülh prosesində siyasi masada yalnız Azərbaycanın hazırladığı saziş variantı mövcuddur. Rusiya buna əngəl törətməyə çalışsa da, ABŞ və Qərbin vasitəçiliyi ilə Azərbaycan variantı artıq müzakirə olunur. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü də bunu təsdiqləyir. Bu baxımdan, Vaşinqton görüşünün Soçi görüşünü tamamilə sıfırladığını da düşünmək olar. Və Kremlin vasitəçilik missiyasını artıq iflasa uğradığı inkaredilməz reallıqdır.
Elçin Xalidbəyli
Musavat.com