"Qırx dörd gün ərzində ordu ilə yanaşı, iki ideoloji sistem üz-üzə gəldi. Bir tərəfdə dünyanın xəritəsini dəyişmək istəyən yeni faşizm, digər tərəfdə isə öz halal torpağını qorumaq istəyən təklənmiş, hüquqları dünya miqyasında gözardı edilən, lakin ədalətli və sülhsevər bir millət!"
Bu sözləri Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib. Millət vəkili bildirib ki, Azərbaycan Ordusu, onun Ali Baş Komandanı təkcə bir dövlətin şərəfini və haqqını müdafiə etmədi. Həm də dünyaya örnək göstərdi:
"Azərbaycanın qələbəsi həm də bu gün dünyada böyük güclərə, qara kapitala, din və irq təssübkeşliyinə söykənən və buna görə də hətta BMT kimi uluslararası qurumların qətnamələrini heçə sayan, işğalçıları müdafiə edən beynəlxalq mafiya üzərində qələbədir, zülm altında inləyən məzlum xalqların yeni imperializm zehniyyəti və xəyalları üzərində qələbədir! Öz xalqına söykənən bir liderin qələbəsidir! Pandemiyanın dünyanı tənəzzülə apardığı bir vaxtda o öz ölkəsini qələbəyə apardı!
Qarabağ zəfəri təkcə Azərbaycan xalqına şərəf gətirən bir tarixi hadisə deyildi. Azərbaycan dünya xəritəsində kiçik görünür, lakin onun Cənubi Qafqazda və Avrasiyadakı mövqeyi, böyük və şərəfli tarixi həmişə Türk- İslam dünyasının əsas söz sahiblərindən biri olmasına şərait yaradır. 1918-ci ildə İslam aləmində ilk respublikanın qurucusu kimi şöhrət qazanan Azərbaycan 44 günlük savaşda da şərə qarşı mübarizənin, çağdaş müharibənin yeni modelini göstərdi. Müharibə Türkiyə, Pakistan və Azərbaycan mənəvi birliyi timsalında İslam aləminə bir örnək oldu. Türk dövlətləri təşkilatının yaranmasını sürətləndirdi, qoşulmamaq hərəkatının üzvü olan dövlətlərin məzlum xalqlarına ümid verdi. Onların öz mənəvi güclərinə olan inamını möhkəmləndirdi. Və bütün dünyada haqqın, ədalətin qələbəsinə aparan yolu aydınlatdı. Bu yolun milli birlikdən, vətəndaş həmrəyliyindən keçdiyini göstərdi. Zəfər bayramının bir nəticəsi də millətimizi sıxıntıdan qurtarmaq, mənəvi aşınmadan xilas etmək oldu. Xalq öz gücünə və üstünlüyünə inandı. Ziyalıların, sənət adamlarının yorğun ilhamları yenidən çağladı".
Sabir Rüstəmxanlı bildirib ki, bu gün Azərbaycan Prezidentinin Qarabağa səfərlərinə baxanda, onun təməlqoyma mərasimlərini izləyəndə ürəyində özünə şəxsi ev tikən, mülk salan bir gənc ailə başçısının sevincini görür:
"Uzun müddət evsizliyin acılarını yaşamış bir insan öz halal torpağında təməl qoyub, ev tikəndə, onu kərpic- kərpic ucaldanda necə fərəhlənirsə, Prezident İlham Əliyev də Qarabağı o duyğu ilə dolanır və Qarabağın minalardan təmizlənmiş, yolları çəkilib başa çatmış, şəhərləri, kəndləri qurulub başa çatmış, gələcək gözəl günlərini elə bir həyacanla gözləyir. Şükür Zəngilana, Füzuliyə, Şuşaya, Ağdama bir neçə dəfə getmişik, xarici qonaqları aparmışıq və düşmənin bütün alçaqlıqlarının şahidi olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin apardığı böyük quruculuq işlərindən fərəhlənmişik. Ona görə də bu gün nə Ermənistanın fitnəkarlıqları, nə də qonşumuz İranın məkrli, ikiüzlü siyasəti bizim gələcəyə olan böyük inamımızı sarsıda bilməz".