Xəbər verdiyimiz kimi, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü dayandırmaq qərarından sonra Türkiyənin səyləri nəticəsində bu saziş bərpa olunub. Rəcəb Tayyib Ərdoğanın uğurlu diplomatik gedişi bütün dünyada, xüsusən Qərbdə rəğbətlə qarşılanıb.
Musavat.com xəbər verir ki, mövzu ilə bağlı "Financial Times"da maraqlı təhlil yazısı dərc olunub və Türkiyə liderinin bu məsələdə rolu ön plana çəkilib.
Təhlildə qeyd olunub ki, Qərbin sanksiyaları və beynəlxalq təcrid Rusiyanı Türkiyədən asılı vəziyyətə salıb:
"Ukraynanın işğalından sonra Ərdoğan münaqişədə sülhməramlı rolunu oynadığı kimi, Ankara da Moskva üçün mühüm iqtisadi həyat xəttinə çevrilib".
“Ərdoğan yəqin ki, belə deyib: “kartın yoxdur, Vladimir. Ya dəhlizi açarsan, ya da istəmədiyiniz işləri görərik”. Ərdoğanın əlində isə çoxlu kart var” - məqalədə qeyd olunub.
Təhlildə vurğulanır ki, Putinin Ərdoğanla yaxın münasibətləri Rusiya liderinə diplomatik can verir:
"Putin bir NATO lideri ilə müntəzəm zirvə görüşləri keçirirsə, bu, onun üçün Rusiyanın qərb tərəfindən düşündüyü qədər təcrid olunmadığının sübutudur. İki lider Suriyadan Qafqaza, Liviyaya qədər bir sıra münaqişələrdə əməkdaşlıq etmək üçün mürəkkəb münasibətlər qurub".
Məqalədə vurğulanır ki, Ərdoğanın yanaşması Ukraynadakı müharibəyə qarşı Qərbin vahid cəbhəsini darmadağın edə bilər:
"Lakin Ankara Xarici Siyasət İnstitutunun rəhbəri Hüseyn Bağcı Türkiyə prezidentinin Putinə təsirinin Ankaranın qərbli müttəfiqlərinin maraqlarına xidmət edəcəyini deyib".
"Financial Times" təhlildə Rusiya Mərkəzi Bankının keçmiş rəsmisi Aleksandra Prokopenkonun açıqlamasına da yer verib:
"Rusiyanın başqa variantlarının olmaması Türkiyəni əhəmiyyətli dərəcədə cəsarətləndirib. Putin həmişə müqaviləyə siyasi alət kimi baxıb. Amma Ərdoğanın Putinə təsiri daha güclüdür. Türkiyə hazırda Rusiyanın Avropaya açılan əsas pəncərəsidir".