Rusiyalı tanınmış jurnalist və teleaparıcı Kseniya Sobçak Rusiyaya qayıdıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Sobçakın hazırda Rusiya sərhədini keçdiyi və Pskov vilayətində olduğu bildirilib.
Qeyd edək ki, Kseniya Sobçak oktyabrın 25-dən 26-na keçən gecə Rusiyanı tərk edib. Onun Belarusdan Litvayaya keçdiyi məlum olub. İddiaya görə, aparıcı əməliyyatçıları aldada bilib. Belə ki, Sobçak internet vasitəsilə ilk olaraq Dubaya, ordan isə Türkiyəyə bilet alıb. Amma Belarusdan Latviyaya keçib. Müstəntiqlərin əlində onun saxlanması barədə qərar olsa da, ölkəni tərk edə bilib.
Oktyabrın 26-da Sobçakın Moskva vilayətində yerləşən bağ evində axtarış aparılıb. Aparıcı "Rostex" dövlət korporasiyasından pul tələb etməkdə ittiham edilir. Hüquq-mühafizə orqanlarından bildirilib ki, Sobçaka Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi ilə cinayət işi açılıb. Bu maddə "külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə"ni nəzərdə tutur.
Sobçakın ittiham olunduğu maddə 15 ilə qədər həbs cəzası nəzərdə tutur. İş üzrə zərərçəkmiş şəxs qismində "Rostex"in vəzifəli şəxsi tanınıb.