1979-cu ilin yanvar ayının ilk günləri. İran. Məhəmmədrza şah Pəhləvi islamçı qüvvələr tərəfindən devriləcəyini bildiyindən tədbirlər görmək qərarına gəlir, ölkədəki siyasi məhbusları əfv edir, baş nazir postuna isə həm yaratdığı rejimin qatı müxalifi, həm də öz qan düşməni Şapur Bəxtiyarı dəvət edir.
Hakimiyyəti öz əliylə qan düşməninə vermək nə deməkdir? O deməkdir ki, İran şahı hakimiyyətə can atan Xomeynini və onun tərəfdarlarını həm İran üçün, həm də özü üçün daha təhlükəli hesab edirdi.
Vaxtilə orta və ali təhsilini Fransada, Sorbonna universitetində almış, sonradan, 1951-53-cü illrədə Məhəmməd Müsəddiqin rəhbərlik etdiyi antişah hökumətində əmək nazirinin müavini olmağa macal tapmış Şapur Bəxtiyar İranın siyasi arenasında ən prinsipial və ən ağıllı siyasətçilərdən biri sayılırdı. Onun ana babası Nəcəfqulu xan Bəxtiyari Qacarlar xanədanının hakimiyyəti zamanı iki dəfə ölkənin baş nazir təyin olunmuş (1911 və 1918) adam olub.
Şapur Bəxtiyarın atası Məhəmməd Rza 1934-cü ildə Rza şah Pəhləvi tərəfindən edam edilib. Bəxtiyarın özünü isə Məhəmməd Rza şah 1964-77-ci illər arasında dəfələrlə tutdurub. Ümumilikdə Ş.Bəxtiyar şahın dövründə 6 il həbsdə yatıb.
Amma görün, Xomeynidən və radikal islamçılardan qorxu nə qədər böyük olub ki, şah 45 illik düşməninə etimad göstərək, onun əliylə xanədanı xilas etməyə çalışıb.
Beləlklə, 1979-cu ilin yanvar ayının 4-də Məhəmməd Rza şah müxalifət hərəkatının liderlərindən biri olan, liberal dünyagörüşlü Şapur Bəxtiyarı ölkənin baş naziri təyin edib. Şahın Niavaran sarayındakı qəbul zamanı Bəxtiyar təklifə raılaşaraq şaha deyib: “Sizin atanız mənim atamı öldürüb, siz isə məni zindanda yatırtmısınız. Mənim sizin rejimə hər hansı bir şəxsi sədaqətim olmamalıdır. Ancaq mən inanıram ki, İran demokratik respublika olmağa hazır deyil, buna ən azı əlli il vaxt lazımdır... Fəqət hazırkı anda bizim ən mühüm vəzifəmiz bu barbarları dayandırmaqdır”.
Beləcə, Şapur Bəxtiyar yaranmış ağır situasiyada dövlət mənafeyini öz şəxsi düşmənçiliyindən üstün tutub, ancaq nə şah, nə də o, qarşılarına qoyduqları vəzifəni icra edə bilməyiblər. Xomeyni və onun islamçı inqilabçılar güruhu şahın zülmündən, ABŞ və İngiltərənin istismarından cana doymuş xalqın köməyi ilə şahı devirib hakimiyyətə gəliblər.
Baş nazir təyin edilməsindən 37 sonra Şapur Bəxtiyar vəzifəsindən getməli və İrandan qaçıb Fransaya sığınmalı olub.
Tarixçilər şəhadət verirlər ki, Bəxtiyar giley-güzar tonunda dəfələrlə xalqa klerikal despotizmin təhlükələrindən və molla faşizminin istənilən hərbi xuntadan daha tünd olacağından danışıb, xəbərdarlıq edib. Ancaq onun sözünə qulaq asan olmayıb. Üstündən 43 il keçəndən sonra İran xalqı Şapur Bəxtiyarın nə qədər haqlı olduğunu görür, bu dəfə öz qəzəb oxlarını mollalara tuşlayır.
Ş.Bəxtiyar ölkəsində mollakratiya rejimi qurulmasına sakit yanaşmayıb, vəziyyəti dəyişməyə çalışıb. Onun 1980-ci ildə İranda çevriliş törətmək cəhdi göstərdiyi bildirilir. O, İraqda radio təsis edərək Xomeyni rejimini tənqid edib, Londonda molla rejiminin əleyhinə mitinq keçirib, şah tərəfdarlarından uzaq dursa da, İranda konstitusiyalı monraxiyanın bərpasını məqbul sayıb.
Bundan sonra o, İran rəhbərliyinin qara siyahısına düşüb və İslam inqialbı məhkəməsinin sədri ayətulla Sadiq Xalxali imam Xomeyninin göstərişi ilə Bəxtiyarın və Pəhləvi ailəsinin üzvlərinin öldürülməsi barədə fətva verib.
1980-ci ilin iyun ayında Xalxali bəyan edib ki, Bəxtiyar onun qara siyahısındadır və onun qətli üçün kommandos dəstəsi məsuldur.
Bundan bir ay sonra Ş.Bəxtiyar Paris ətrafındakı Neyi-sür-Sen qəsəbəsində yaşayan dostunun evində 3 nəfərdən ibarət killerlər qrupunun hücumuna məruz qalıb. Terrorçular saxta sənəd təqdim edərək özlərini “Humanite” qəzetinin əməkdaşları kimi təqdim ediblər və doktor Bəxtiyarın evini qoruyan fransız polislərin müşayiəti ilə vestibülə qədər gediblər. Bəxtiyara qonaqlar barədə xəbər verilərkən, terrorçular səsboğuculu tapança ilə 25 yaşlı polis Jan Mişel Jammı güllələyib, mühafizəçi Jorji Martini başından ağır yaralayblar. Daha sonra qatillərdən biri 22 yaşlı mühafizəçi Bernar Vinyanı da ağır yaralayıb.
İkinci mərtəbəyə qalxan qatillər Bəxtiyarın mənzili ilə onun qonşusunun mənzilini səhv salıblar, döydükləri qapını açan İvonna Ştaynı güllələyib, onun bacısını da yaralayıblar. Nəhayət, onlar Bəxtiyarın olduğu mənzilin zəngini basıblar, ancaq doktorun əmisioğlu şübhələnib və qapını kilidləyib. Terrorçular qapının kilidini qırmaq üçün açar deşiyindən atəş açıblar, ancaq evə girə bilməyiblər.
Livanlı Anis Nəqqaşın başçılıq etdiyi 5 nəfərlik qatil dəstəsi hadisə yerindən qaçıb gizlənməyə çalışsa da, küçədə polislərə yaxalanıblar. Tutulanlar aşağıdakılar olub: Anis Nəqqaş, Məhəmməd Cənab, Nejad Təbrizi, Səlahəddin əl-Kara və Fevzi el-Səttari...
Nəqqaş Bəxtiyarı Tehrandan verilən göstəriş əsasında öldürmək istədiklərini etiraf edib. Sui-qəsdin ertəsi günü Xomeyni kommunike yayaraq baş tutmayan çevrilişin bütün iştirakçılarını edama məhkum etdiyini təsdiqləyib. Xalxali də bəyan edib ki, Bəxtiyarın arxasınca qatillər dəstəsini o göndərib və sabiq baş nazir ölümdən qaça bilməyəcək.
Killerlər qrupunun üzvlərinə (əl-Səttari istisna olmaqla) ömürlük həbs cəzası kəsilib. Ancaq 1990-cı ildə Fransa prezidenti Fransua Mitteran onları əfv edib və Tehrana göndərib.
Şapur Bəxtiyarın həyatına daha bir sui-qəsd 1989-cu ildə baş verib. Bu dəfə İranın xüsusi xidmət orqanları Bəxtiyarı öz yaxın adamının, Fəriborz Kəriminin əliylə aradan götürməyə çalışıblar. O, sabiq baş naziri zəhələməliymiş. Bundan ötrü ona 600 min dollar vəd edilib. Cəlbetmə işinə İranın yüksək ranqlı şəxsləri də qatılıb. Kərimiyə yarısına qədər ağ tozla dolu kiçik qab verib, Bəxtiyarın arağına qarışdırmağı tövsiyə ediblər. Elə çıxacaqmış ki, doktor insult olub. Ancaq Kərimi bu barədə Bəxtiyara məlumat verib. O da məsləhət görüb ki, təklifdən imtina etməsin, nə pis, nə yaxşı, bir söz deməsin.
Bir aydan sonra höccət-ül-islam Əli Fəllahiyan ona zəng vurub və israr edib ki, işi başa çatdırsın. Kərimi öz həyatını riskə atmaq istəməyərək, Bəxtiyarı açıq şəkildə ittiham edib və ondan uzaqlaşıb. Sonra əvvəlcə Londona, ardınca Kanadaya qaçıb. Daha sonra Kərimi ona siyasi sığınacaq təklif edən ABŞ-da qərarlaşıb.
Ancaq İran rəhbərləri Şapur Bəxtiyardan əl çəkməyiblər və 1991-ci ildə 11 ildən bəri planlaşdırdıqları sui-qəsdi həyata keçirməyə nail olublar. Həmin ilin avqust ayının 6-da Şapur Bəxtiyar və onun katibi Soruş Katibeh 3 klilerin hücumu nəticəsində öz evində öldürülüb. Onların meyidi 36 saatdan sonra tapılıb.
Qatillərdən ikisi İrana qayıda bilib. Üçüncü, Əli Vəkili Rad isə İsveçrədə ələ keçib. Onunla bərabər Zeyal Səhradi adlı bir gənc də tutulub. Onların hər ikisi Fransaya ekstradisiya edilib. Səhradinin İran prezidenti Haçimi-Rəfsəncaninin bacısınəvəsi olduğu məlum olub. 1994-cü ildə Vəkili Rada ömürlük həbs cəzası, Səhradiyə isə bəraət verilib. 16 il həbsdə qalandan sonra Vəkili Radı da azad edib İrana yola salıblar və o, orada qəhrəman kimi qarşılanıb.
İranın xarici ölkələrdə bu kimi əməliyyatlar keçirməsi faktları çoxdur. ABŞ-ın İranı “terrorçu dövlət”lərin siyahısına salması, onun bəzi qurumlarını qanundankənar elan etməsi bu kimi hadisələr üzündəndir.
Mənbə: Musavat.com