Bakıda təhsil müəssisəsi yaxınlığında qanun pozuntusu qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, İncəsənət Gimnaziyasının inzibati binasının 20 metr yaxınlığında, piyada səkisində “Azərlotereya” ASC-yə məxsus satış nöqtəsində “Poz Qazan” ani lotereyaları - “Qızıl”, “Şans Ulduzu”, “Brilliant” lotereyası satılır.
Bu fəaliyyət qanunla qadağan edilir.
Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun 12.2-ci (Reklamda yetkinlik yaşına çatmayanların müdafiəsi) maddəsinə görə, yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz.
Həmin qanunun 32.6-cı (İdman mərc oyunlarının, lotereyaların reklamı) maddəsinə görə, idman mərc oyunlarının, lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı şəhərində səyyar (mövsümi) ticarət və xidmətlərin aparılması" Qaydalarına əsasən malların və məhsulların bilavasitə səkilərə qoyularaq satışı qadağandır.
Məsələ ilə bağlı “Azərlotereya” ASC-nin mətbuat xidmətinə informasiya sorğusu ilə müraciət edilib.