Xəbər verdiyimiz kimi, bu gün AMEA-nın ümumi yığıncağı keçirilib. Yığıncaqda seçki keçirilib və akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.
MilliYol.Az xəbər verir ki, İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləyib. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışıb.
Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir.
1996-cı ildən filologiya elmləri doktoru, 1997-ci ilədən professor, 2003-cü ilədn AMEA-nın həqiqi üzvüdür.
2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.
Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. III, IV və V çağırış Azərbaycan Milli Məclisinin millət vəkili seçilib. Hazırda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
1999-cu ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb, 2007-ci ildə "Şöhrət" 2009-cu ildə "Şərəf" və 2019-cu ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.