Yük avtomobillərinin paytaxta girişi məhdudlaşdırılır.
Bu barədə MilliYol.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
"Son vaxtlar Bakı şəhərində yaranmış nəqliyyat sıxlığının aradan qaldırılması və mövcud vəziyyətin optimallaşdırılması ilə əlaqədar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, yolların buraxılış imkanlarının artırılması, əhalinin nəqliyyat təminatının yaxşılaşdırılması və yol hərəkətinin təhlükəsizliyinin daha etibarlı təmin edilməsi məqsədilə Azərbaycanın Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən müvafiq tədbirlərdən biri kimi 2022-ci il 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub.
Həmçinin qeyd edirik ki, icazə verilən müddət ərzində paytaxta daxil olmuş yük avtomobilləri səhər saat 07:00-dək, yanacaq daşıyan yük avtomobilləri isə səhər saat 06:00-dək şəhəri tərk etməlidirlər.
Bununla əlaqədar, bütün yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən, habelə yük sahiblərindən öz fəaliyyətlərini qeyd olunan müddətlərə uyğunlaşdırmaları xahiş olunur", - məlumatda qeyd edilib.