Xəbər verdiyimiz kimi, Dədə Süleyman kimi tanınan Əməkdar artist Süleyman Abdullayev bu gün vəfat edib. Şəkər xəstəliyindən əziyyət çəkən və ayaq barmaqları amputasiya olunmuş sənətçi müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Bəs 83 yaşında vəfat edən Dədəd Süleymana indiyədək Xalq artisti fəxri adı niyə verilməyib.
Qaynarinfo-nun məlumatına görə, Süleyman Abdullayev bununla bağlı bir neçə il əvvəl müsahibəsində danışıb. Sənətçi bildirib ki, deputatlardan biri illər əvvəl həmin vaxt mədəniyyət naziri olan Əbülfəs Qarayevdən ona Xalq artisti adının verilməməsini xahiş edib:
"Muğam Mərkəzində tədbirdə idim. Gördüm, nazir orda durub, yanında da bir deputat. Deputatın adını deməyəcəm. Gedib görüşdüm. Deputat məni görən kimi nazirə dedi ki, Əbülfəz müəllim, səndən bir xahiş etsəm olar? O da dedi, deputatsan, niyə olmur? Fikirləşdim, indi deyəcək ki, niyə Süleymana Xalq artisti adını vermirsən? Qayıtdı ki, birdən buna Xalq artisti adı verərsiniz, qəti verməyin? Nazir də soruşdu ki, niyə? Dedi, aşıqlar içində dədə çoxdu, xanəndəlikdə yoxdu. Bu kişi onu qazanıb, ancaq özü bilmir. Dədəlik Xalq artisti adından min dəfə yaxşıdı. Kişini korlayarsınız (gülür). Dedim, hə sağ ol (gülür). Bax, belə-belə şeylərə görə mənə Xalq artisti adını vermirlər (gülür)".
Süleyman Abdullayev heç vaxt bu adı istəmədiyini bildirib: "Məni həmişə xalq saxlayıb. Bu evi mənə dostum tikib. Toylarını oxumuşam, xeyir işlərinə gedib-gəlmişəm".
Mərhum sənətçi Əməkdar artist adını almasından da danışıb: "Onu da Zeynəb Xanlarovanın təkidi ilə verdilər. Milli Məclisdə deyib ki, ona-buna ad verirsiniz, Süleymana ad vermirsiniz. Seyidin iki sevimli tələbəsi vardı, biri məndim, biri də Süleyman. Bu sözündən sonra verdilər".