Prezident İlham Əliyev bir sıra səfirlərin geri çağırılması və yeni səfrilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
MilliYol.az xəbər verir ki, Prezident Rəşad Fəxrəddin oğlu Aslanovu Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edib. Digər sərəncamla Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın İtaliyada, eyni zamanda San Marinoda, Maltada fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Dövlət başçısı Oktay Sudef oğlu Qurbanovu Azərbaycan Respublikasının Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb. Digər sərəncamla Nazim Adil oğlu Səmədov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İlham Əliyev Fəxrəddin İsa oğlu Qurbanovu Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb, Anar Laçın oğlu İmanovu Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Prezidentin digər sərəncamları ilə Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, Şövqi Kamal oğlu Mehdizadə Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edilib.
Həmçinin Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Onun yerinə Səməd Əyyub oğlu Həsənov təyin edilib.
Cəfər Əbdülhüseyn oğlu Hüseynzadə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.