Rusiyanın Ukraynaya hücumu minlərlə ailəni darmadağın edib. Ancaq bir həyat hekayəsi var ki, bu, böyük ailə faciəsini əks etdirir...
"The Guardian" qəzetində Rusiya-Ukrayna müharibəsində əks mövqe tutan, bir-birinə düşmən kəsilən ata ilə oğuldan bəhs edən maraqlı yazı dərc olunub.
Həmin yazını oxucularımıza təqdim edirik.
MÜHARİBƏNİN PARÇALADIĞI AİLƏ...
Artur İzyum şəhərində
Fevralın 24-də səhər saatlarında Rusiya raketləri Ukraynanı vurmağa başlayanda Artur da milyonlarla ukraynalı kimi ailəsi ilə əlaqə saxlamaq üçün telefonunu əlinə alıb.
Bir çox ukraynalı gənc valideynlərindən narahat olsa da, 27 yaşlı Artur Ukraynanın şərqində Moskvayönlü separatçı qüvvələr üçün döyüşən atası, polkovnik Oleqə fərqli mesaj göndərib.
Artur əsəbi halda atasına yazıb: "Əclaflar!”
Oleq oğluna cavab yazıb: "Silahınızı götürməyin. Kiyev dərhal yıxılacaq”.
Mesajı alan Artur dərhal könüllü olaraq orduya yazılıb və Ukrayna paytaxtının uğurlu müdafiəsində iştirak edib, rus qoşunlarının ərazidən çıxarılması ilə şəhərin mühasirəsi başa çatıb.
Artur bununla kifayətlənməyib, o, tezliklə nizami Ukrayna ordusuna qoşulub və ən son Ukraynanın şimalında və şərqində əks-hücumlarda iştirak edbi.
"The Guardian" qəzeti tərəfindən nəzərdən keçirilən və orijinallığı sübut edilən fotoşəkillər Arturun Ukraynanın keçən ay azad etdiyi iki strateji əhəmiyyətli şəhər olan İzyum və Limana girdiyini göstərir.
Bütün bu müddət ərzində Artur Rusiyanın işğalı altında olan Donetskdəki atası ilə sms vasitəsilə əlaqə saxlayıb.
"Biz sözün həqiqi mənasında cəbhənin əks tərəflərindəyik. Ancaq yalnız birimiz düzgün məqsəd uğrunda mübarizə aparır”, - Artur bildirib.
"ATAM BUNU DEYƏNDƏ ŞOKA DÜŞMÜŞDÜM..."
Artur Kiyev yaxınlığındakı Boryspol şəhərində hərbçi ailəsində anadan olub. Onun atası Oleq Ukraynanın şərqindəki Donetsk vilayətindəndir və 2011-ci ilə qədər on il Ukrayna ordusunda xidmət edib.
Arturun dediyinə görə, həmin il atası anası ilə boşandıqdan sonra iş axtarmaq Rusiyaya üçün köçüb. Pul üçün mübarizə aparan Oleq 2016-cı ildə (Moskvanın Krımı ilhaq etməsindən və Putinin Ukraynanın şərqindəki separatçılara dəstək üçün qüvvələr göndərməsindən iki il sonra) Donetskdə rusiyayönlü separatçı qüvvələrə qoşulub.
"O mənə Donetsk milislərinə qoşulacağını deyəndə şoka düşdüm. Amma hələ separatçılara qoşulmazdan əvvəl də atamın münaqişədə yavaş-yavaş rusiyayönlü mövqe tutduğunu görürdüm" - Artur deyib.
Mühəndislik təhsili aldıqdan sonra Artur Kiyevdə kino sənayesində karyera qurmaq arzusunu həyata keçirəndə hələ də atası ilə əlaqə saxlayıb. Lakin 2022-ci ilin fevral ayındakı hücumdan əvvəl Rusiya ilə Ukrayna arasında gərginlik artdıqca ata və oğul arasındakı uçurum da dərinləşib.
Martın əvvəlində əksər rus əsgərləri Kiyevdən qovulduqdan sonra Artur atasına paytaxtın süqutu ilə bağlı daha əvvəl etdiyi xəbərdarlığa görə rişxəndlə qısa bir videomesaj göndərib: "Gəzirəm, amma bircə dənə də rus görmürəm. Deyəsən, yoxa çıxıblar. Xahiş edirəm, izah edin, mən onların harada olduğunu başa düşmürəm..."
Oleq bir daha oğlunu silahlarını yerə qoymağa çağıraraq Rusiyanın taleyinin tezliklə dəyişəcəyini deyib.
"O zaman mən artıq Rusiyanın qələbəsinə ümidlərin azaldığını gördüm. Rus ordusu Ukrayna daha çox mövqe qazandıqca, daha da çarəsizləşməyə başladı” - Artur vəziyyəti təsvir edib.
Ukraynanın Buça şəhərində rusların dinc sakinləri öldürdüyünə dair sübutlar ortaya çıxandan sonra ata ilə oğul yenidən görüşüblər. Oleq xəbərin "saxta” olduğunu deyib və israrla dinc sakinlərin ukraynalılar tərəfindən öldürüldüyünü iddia edib.
"Buçada olduğumu və hər şeyi öz gözlərimlə gördüyümü dedim. Sonra onu nəyəsə inandırmağa çalışmağı dayandırdım. Bu, boşuna enerji sərfiyyatı idi” - Artur deyib.
"SƏN HƏLƏ DƏ MƏNİM OĞLUMSAN..."
Növbəti dəfə ata ilə oğuı Ukraynanın şimal-şərqində ildırımsürətli əks-hücumun başlayanda və İzyum işğaldan azad ediləndə əlaqə saxlayıb.
"Mümkün qədər sevin" - Oleq oğluna mesaj göndərib.
"Sən qorxu filmlərindəki pis adamlar kimisən” – deyə Artur cavab verib.
Guardian müxbiri Arturdan döyüş meydanında atası ilə qarşılaşsa, nə edəcəyini soruşduqda dərin sükut çöküb.
"Mən onu vura biləcəyimi və ya onun məni vura biləcəyini düşünmürəm. Kim öz atasını öldürə bilər? Amma məncə, o bütün bunlara görə məhkəmədə cəzalandırılmalıdır”.
Atası Oleq Artura bu yaxınlarda göndərdiyi mesajda bunları yazıb: "Sən hələ də mənim oğlumsan. Mən sizin üçün ən yaxşısını istəyirəm. Xoşbəxt və sağlam olmağınız üçün…”
"Atamın Ukraynanın qələbəsinin şahidi olmağını və dünyasının çökdüyünü görmək istərdim. Atam ailəmizə və ölkəmizə xəyanət etdi. Amma mən ölkəm üçün mübarizə aparıram” - deyən Artur müharibədən sonra film çəkmək və post-travmatik stressdən əziyyət çəkən əsgərlərə kömək etmək istədiyini də əlavə edib.
"Mən insanlara mesaj göndərmək istədim ki, onlar ailələrinin seçimlərinə görə məsuliyyət daşımırlar. Atanızın cinayətkar olması səni daha az vətənpərvər etmir” - o sonda deyib.
Tərcümə: Musavat.com
Digər xəbərlər
loading...