Azərbaycanda narkomanların sayı getdikcə artır. Xüsusilə gənclərin və yeniyetmələrin bu bəlaya düçar olması cəmiyyəti ciddi narahat edir. “Ağ ölümə” qarşı dövlət səviyyəsində mübarizə aparılmasına baxmayaraq, narkotik istifadəçilərin sayı azalmır, əksinə hər keçən gün yeni qurbanlar bu qarşısıalınmaz xəstəliyə düçar olurlar. Vəziyyət artıq o həddə çatıb ki, mütəxəssislər həyəcan təbili çalaraq, bütün qurumları və vətəndaşları narkomaniyaya qarşı səfərbər olmağa, ölüm yuvalarının kökünü kəsməyə çağırırlar.
Narkomaniya qlobal problem kimi pandemiya qədər təhlükəlidir. Dünyada milyonlarla insan hazırda narkotikdən asılı vəziyyətdədir. Ölkəmizdə də vəziyyət ürəkaçan deyil. Narkotiklərdən istifadə və onların qanunsuz dövriyyəsi son onilliklərdə qlobal miqyas alıb.
Rəsmi statistikaya əsasən, Azərbaycanda 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib.
2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb. 2021-ci ildə 4789 nəfər qeydiyyatdan çıxarılıb.
Açıqlanan rəqəmlər yalnız rəsmi qeydiyyata alınanları əhatə edir. Rəsmi qeydiyyata düşməyənlərin sayının daha çox olduğu deyilir.
Bəs, narkotik bəlası necə yayılır? Niyə kökünü kəsmək olmur?
Mövzu ilə bağlı Modern.az-a danışan kriminalist Mahmud Hacıyev bildirib ki, Rusiya və İrandan fərqli olaraq Azərbaycanda narkotik istehsal edən müəssisə yoxdur. Ekspert hesab edir ki, Azərbaycan üçün ən böyük təhlükə qonşu İrandır:
“Bəs, narkotik haradan gəlir, niyə bu qədər geniş yayılır? Daxili İşlər Nazirliyinin göstərdiyi səylərə baxmayaraq, hələ də narkotik vasitələr yayılmaqdadır. Deməli, narkotik vasitələr sərhəddən gəlir. Buna görə də, Dövlət Gömrük Xidməti və Dövlət Sərhəd Xidməti daha da güclənmiş iş rejimində çalışmalıdır. Bizim üçün ən böyük problem İrandır. İran böyük dövlətdir və Azərbaycanda narkomaniyanın yayılmasında maraqlıdır. İran Azərbaycan gəncliyinin iflic olmasına çalışır. Digər sərhəd qonşumuz Rusiyanın İran kimi təhlükəli olduğunu deyə bilmərəm. Ancaq Rusiya da narkomaniyanın yayıldığı ölkələrdən biridir. Orada istehsal sexləri var. Rusiya KİV-ləri həyəcan təbili çalırlar. Digər tərəfdən, internet texnologiyasının inkişafı narkomaniyanın geniş yayılmasına zəmin yaradır. Texnologiyanın inkişafı onlayn satışı asanlaşdırır".
Mahmud Hacıyev hesab edir ki, narkomaniya qarşısıalınmaz bəladır və onun kökünü kəsmək mümkün deyil:
“Narkomaniyanı tam kökündən vurmaq mümkün deyil. Sadəcə olaraq 2-3 il əvvəlki statistikaya nisbətən indi azalmaya nail olmaq olar. Ona görə də, mübarizə tədbirləri istifadəçilərdən daha çox narkotik maddələrin qanunsuz dövriyyəsi, satışı və yayımı ilə məşğul olanlara qarşı yönəldilməlidir. Çünki istifadəçi məcbur olur, ağrılarını azaltmaq üçün narkotik vasitədən dərman kimi istifadə edir. Satışla məşğul olanlar bu vəziyyətə səbəb olur. Onların qarşısı alınmalıdır”.
“Əvvəllər “patı”, “kristal” kimi kimyəvi narkotik vasitələr yox idi. Bizim işlədiyimiz dövrdə marixuana var idi, çox nadir hallarda tiryəkdən istifadə edilərdi. Tiryək istifadəsi üçün ağır cəza tətbiq edilirdi. Əsasən marixuana geniş yayılmışdı. Avropa ölkələri, Latın Amerikası ölkələri və ABŞ-ın özündə marixuanaya görə cəza verilmirdi. Hətta bəzi hallarda bundan istifadəyə icazə verirdilər. Əvvəllər “ot”dan istifadə edənlər bundan asanlıqla imtina edə bilirdilər. Ancaq süni narkotiklərdən bir-iki dəfə istifadə etdikdə ondan asılılıq yaranır. Asılılıq da xəstəliyə səbəb olur. Şəxs onsuz dayana bilmir. Beyin iflic vəziyyətə düşür. Onu təkrar qəbul etmək istəyir. Bunun üçün hər yola əl atır. Bu gün internetin inkişafı ilə əlaqədar onlayn satış narkotikin geniş yayılmasına səbəb olur”,- deyə ekspert bildirib.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən bildirilib ki, qeydiyyatda olan narkotik istifadəçiləri arasında opioid tərkibli preparatlar istifadəçiləri (F11-24 min 850 nəfər), kannabinoid (F12-9 min 752 nəfər) və psixostimulyator istifadəçiləri (F15-3 min 107 nəfər) əksəriyyət təşkil edir.
Qeyd olunub ki, narkotik istifadəçiləri arasında “şüşə”, “patı” adlanan kimyəvi adı metanfetamin olan narkotik maddə laborator şəraitdə heç bir təbii maddələrdən istifadə olmayan kimyəvi proseslər nəticəsində alınan maddədir. Onun orqanizmə təsiri ilk növbədə neyromediator olan dofaminin kəskin artması ilə əlaqəlidir. Bu narkotiki qəbul edən şəxsdə kəskin oyanıqlıq qeyd olunur: yorulmadan hərəkətdə olurlar, dayanmadan danışırlar, hərəkət aktivliyini cilovlaya bilmirlər. Narkotikin təsiri keçəndən sonra isə xəstələrdə süstlük, depressiv əhval-ruhiyyə (hətta suisidal fikirlərlə) müşahidə edilir.
Bundan başqa, narkotik asılılıq immunitet zəifliyinə səbəb olur:
“Ümumiyyətlə, narkotik istifadəçiləri QİÇS və bir çox infeksion xəstəliklərə yoluxma riski xeyli yüksəkdir. Bəşəriyyətin hazırda bir nömrəli bəlasına çevrilən COVID-19 pandemiyası dövründə narkotik istifadəçiləri yüksək risk qrupuna daxildilər. Eyni zamanda, asosial davranışları nəticəsində infeksiyanın yayılmasına səbəb ola bilərlər”.