İran Azərbaycanla sərhəddə yeni təlimlərə başlayır: SEPAH-ın quru qoşunlarının "Güc” adı ilə təlim keçirməsinin Azərbaycana qarşı "əzələ nümayişi” olduğu bəllidir.
Və təlimlərin indi başlanması da gözlənilməz hesab edilməməlidir:
Birincisi, Ermənistanın sərhədini "qırmızı xətti” elan edən İran daxildəki etirazlar fonunda "sionizm”, "terror” iddialarını yenidən aktuallaşdırdı və hətta Araz bölgəsində "terrorçuların saxlanılması” teatrını da qurdu: sərhədə "leşkər” göndərilməsi də rejimin "xarici təhlükə” ssenarisini gücləndirmək və Bakıya "müdaxilə planını” əyani şəkildə nümayiş etdirmək məqsədi daşıyır;
İkincisi, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar sürətlənib və ilin sonuna qədər razılaşmanın olması, xüsusilə sərhədin delimitasiyası məsələsinin həlli gözləntiləri var: İran mümkün sərhəd dəyişikliyinə qarşı Bakını "leşkər”lə təhdid edir;
Prezident İlham Əliyevlə İbrahim Rəisinin Astana görüşü də bu kontekstdə diqqət çəkir. İran Prezidenti Administrasiyasının siyasət şöbəsinin müdiri Məhəmməd Cəmşidi bildirib ki, Rəisi İlham Əliyevlə görüşdə İran və Ermənistanın "tarixi sərhədləri”ndə, regionun geosiyasətində və tranzit marşrutunda hansısa dəyişikliyin olmasına qarşıdır və buna qətiyyətli cavab verəcəklər.
Bölgədə sərhədlərin və siyasi mənzərəninin mümkün dəyişikliyində İranın "qətiyyətli cavabı”nın necə olacağı sual altındadır, çünki Azərbaycana, yaxud Ermənistan ərazisindən bölgəyə hərbi müdaxilənin qarşısında kifayət qədər əngəllər var. Bu baxımdan, İranın daha çox "əzələ nümayişi” ilə nəsə əldə etməyə çalışdığı görünür. Fəqət "terror təhlükəsi” kimi iddialarla hansısa təxribatlara əl atması da istisna edilməməlidir.
Təlim adı ilə Azərbaycan sərhədinə göndərilən qoşunların burada uzun müddət qalacağı da istisna deyil.
Asif Nərimanlı