"Fireland Vineyards” MMC-nin rəhbəri Elmar Çingiz oğlu Səidovun Qalina Yuriyevna Mehdiyevaya qarşı məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo-nun məlumatına görə, hazırda iş Ali Məhkəmə mərhələsindədir. Kassasiya şikayətini verən tərəf isə Elmar Səidovdur. Şikayətə hakim Ələsgər Əliyevin sədrliyi ilə baxılacaq.
Elmar Səidov Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olan "Fireland Vineyards" MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") qanuni təmsilçisidir. Mediada yayılan məlumatlara görə, "Fireland Vineyards" MMC xammal kimi əsasən Novxanı qəsəbəsində "Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. Şirkətin əslində Qalina Mehdiyevaya məxsus olduğu iddia edilir. Novxanı qəsəbəsində ona məxsus böyük torpaq sahəsi var.
Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı məlumatda göstərilir ki, Qalina Mehdiyeva və oğlu dəfələrlə kənd təsərrüfatı üçün subsidiya alıblar. Bundan başqa, 2019-cu ildə "Fireland Vineyards” MMC-nin direktoru Səidov Elmar Çingiz oğlunun milyonlarla mənimsəməyə yol verilməsi barədə KİV-də məlumatlar yayılıb.
Xatırladaq ki, Qalina Mehdiyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin həyat yoldaşıdır.