Bu gün bukmeker kontorları dünya idmanına sirayət ediblər. Azərbaycanda da qanuni bukmeker kontorları fəaliyyət göstərir. İdman sferasında qumarxanaların qanuni fəaliyyəti qaçılmaz prosesdir. Çünki belədə “qara bazar” çiçəklənir və vətəndaş da ora üz tutur.
Ancaq qanuni qumarxanalar elə fəaliyyət göstərməlidirlər ki, cəmiyyət zərər görməsin. “Qanuniyəm” deyib, cəmiyyətin dəyərlərinə zərbə vurmaq olmaz. Amma “Misli” bunu edir. “Misli”nin reklam çarxı bilərəkdən yalan yaymaqla cəmiyyətə – xüsusən də gənclərin psixologiyasına təsir etməyə hesablanıb.
Qumarxananın reklam çarxı olduqca uğursuz alınıb. Bu çarxda bir dəstə gənc əllərində bayraqlar hamını qumarxanaya çağırır. O gənclər ali məktəblərin auditoriyalarında oturmalıdırlar. Amma “Misli”nin reklamı deyir ki, təhsili boş verin, böyük uduşlar buradadır.
Ancaq hər kəsə bəllidir ki, orada böyük uduşlar olmur. Olsa belə, hər kəsin udmaq ehtimalı yoxdur. Əgər qumarxanaya daxil olan hər kəs qalib gələcəksə, onda onu niyə açıblar? Qumarxanalar, camaatdan pul almaq üçündür, camaata pul vermək üçün yox.
Maraqlıdır, “Misli”nin, əllərinə bayraq verib qumarxanaya yola saldığı gənclər (üstəlik, bu gənclərin arasında xanımlar da var) pulu haradan alırlar? Valideynlərin cibindən götürürlər? Axı reklam çarxından görünür ki, o gənclər təhsil alan yaşdadırlar. “Misli” qazandığından sosial öhdəlik kimi təhsilə vəsait ayırırmı? Hansısa kasıb tələbəyə yardım edibmi, aztəminatlı ailənin övladının təhsil haqqını ödəyibmi?
Etməyib, ödəməyib. Amma gəncləri təhsil ocaqlarına yox, qumarxanaya çağırır və üstəlik vəd də verir: “Böyük uduşlara hazır olun”.
Reklam qanunun 10-cu maddəsinə görə bu, bilərəkdən yalan reklam hesab olunur. O reklam bilərəkdən yalan hesab edilir ki, onun köməyi ilə reklam sifarişçisi (reklam istehsalçısı, reklam yayıcısı və ya reklam agentliyi) reklam istehlakçısını qəsdən yanlış istiqamətləndirir. Bilərəkdən yalan reklama yol verilmir.
Siqaretin ziyanlı olduğunu hamı bilir, amma çox adam da çəkir. Kiminsə siqaret çəkməsinə qadağa tətbiq edilə bilməz. Amma heç olmasa, siqaretin üzərində “insan sağlamlığı üçün zərərlidir” xəbərdarlığı edilir. Üstəlik, siqaretin reklamı da qadağandır.
Qumarxanalar da zərərlidir. Ora daxil olan hər kəs qalib gəlmir. Müflis olanlar qəpik-quruş udanlardan xeyli çoxdur. Və bu oyunun bütün dünyada fəlsəfəsi budur: Oynamayan qalibdir.
“Misli”nin reklamında isə bu deyim təkzib edilir, “oynayan qalibdir” mesajı verilir. Amma belə olmamalıdır. Qumarxanaların bütün məntəqələrinin qarşısında “oynamayan qalibdir” xəbərdarlığı yerləşdirilməlidir.
Cəmiyyətə bundan böyük zərər vurmaq olmaz. Nəzərə alaq ki, mərc yatırımlarına maraq göstərənlərin əksəriyyəti yeniyetmələr və gənclərdir. Yeniyetmə və gəncləri peşə təhsilinə, ali məktəblərə səsləmək lazımdır, qumarxanalara yox. Qumarxanaların fəaliyyəti qanunidirsə, onların reklamları da qanunun tələblərinə cavab verməlidir.
Mənbə: Aut.az