Avropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçirildi...
Gözlədiyim kimi, sülh müqaviləsi imzalanmadı. Amma Ermənistan Alma-Ata Bəyannaməsinə əsasən Azərbaycanın ərazi bütövlüyünü tanıdı.
"Alma-Ata bəyannaməsi”ndə bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb. Bu, o deməkdir ki, İrəvan bununla Qarabağı da Azərbaycan ərazisi olaraq tanıyır. Eyni zamanda Alma-Ata Bəyannaməsi sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq. Oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq. Həmin tarixə qədər də delimitasiya və demarkasiyası detalları bəlli olacaq.
Eyni zamanda “Alma-Ata bəyannaməsi”ndə deyilir ki, müstəqil dövlətlər Azərbaycan Respublikası, Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan, Özbəkistan Respublikası və Ukrayna münasibətləri dövlətlərin suverenliyini, öz müqəddəratını təyin etmək hüququnu, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini qarşılıqlı tanınma və hörmət əsasında inkişaf edəcək. Bu da o deməkdir ki, Ermənistan Azərbaycanın daxili məsələsi olan Qarabağa dair heç bir məsələyə qarışmayacaq. Əgər doğrudan da, Ermənistan üzərimə götürdüyü bu öhdəlikləri yerinə yetirsə, addım-addım sülhə doğru getdiyimizi deyə biləcəyik.
Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şurasının və İdarə Heyətinin üzvü Könül İsmayılova
MilliYol.Az