Bütün müharibələrin sonu sülhlə bitir. Ancaq rəsmi İrəvan uzun müddət işğalçılıq siyasəti yürütməklə de-fakto vəziyyəti yerində dəyişmək və bununla da Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi.
Təəssüf ki. beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər etdilər, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasını və ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasını gördülər və susdular.
Forumdakı çıxışında Ali Baş Komandan demişdir: “Hər hansı vasitəçiliyə artıq ehtiyacımız yoxdur. 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik. Azərbaycan sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması”.
Milli qanunvericiliyimizin tələblərinə uyğun olaraq Azərbaycan Qarabağ bölgəsində yaşayan erməniləri ölkəmizin vətəndaşları hesab edir və bütün vətəndaşlarımıza aid olan hüquq və güzəştlər onlara da aiddir. Bildiyiniz kimi, işğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistanın özü də bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik və gələcəkdə də etməyəcəyik.
Sülh prosesi ilə bağlı müəyyən nikbinlik var. Bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını Ermənistan düzgün qiymətləndirməlidir. Dünən Praqada keçirilən Avropa ölkələrinin sammitində dördtərəfli görüşdə Erməistan 1991-ci il Almaata Bəyannaməsinin şərtlərnə uyğun olaraq azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu Azərbaycan Prezidenti İlham Əliyevin böyük siyasi qələbəsidir.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent