Məlum olduğu kimi cari ilin 6 oktyabr tarixində Praqada keçirilən görüşdə Prezident İlham Əliyevi Avropa İttifaqı Şurasının Prezidenti Ş.Mişel, Fransanın Prezidenti E.Makron və Ermənistanın baş naziri N.Paşinyanla görüşmüşdür. Eyni zamanda, türkiyə Re4spublikasının Prezidenti R.T.Ərdoğanının iştirakı ilə də dördtərəfli görüş baş tutmuşdur.
Azərbaycanla Avropa İttifaqı arasında bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır. Belə ki, ilkin olaraq enerji sahəsində cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu buna bariz nümunədir. Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri də siyasi dialoqdur. Yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artmışdır.
Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaranmışdır.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra dünyada mövcud geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırmışdır. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artmışdır. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir. Ona görə də Azərbaycan Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırır. Əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda, elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir.
Cənab Prezident jurnalistlərin suallarını cavablandırarkən demişdir: “Sülhə yavaş-yavaş yaxınlaşırıq. Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə sülhə daha da yaxınlaşırıq. Cari dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Görüşlərin bir məqsədi var ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Təmaslar davam edir. Sülh prosesinə artıq təkan verildi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bunun ardı kəsilməməlidir. İşçi qrupu sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olmalıdır”.
Bilirsiniz ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, Azərbaycana qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Ermənistanın bu addımları sülhə zərər gətirir. 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Minaların basdırılması yeganə cinayət deyil. Bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Buna da son qoyulmalıdır. Qarabağ Azərbaycandır!
Prezident qeyd etmişdir ki, “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”.
Azərbaycanın rəsmi İrəvana təqdim etdiyi Sülh müqaviləsinin beş prinsipi onlar tərəfindən mümkün qədər tez paraflanmalı, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, lakin Azərbaycanın təşəbbüsləri heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də bu, müsbət addımdır. Yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar.
Ermənistan tərəfindən Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Ermənistan tərəfindən öz öhdəliyin pozulması faktı son dərəcə biabırçı faktdır. Kommunikasiyaların açılması artıq olmalı idi. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir.
Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilmişdir.
Prezident erməni “tandemi” kimi tanınan Makron-Paşinyan “dueti”ni siyasi danışıqlarda diplomatik yolla məğlub etdi. Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu. 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur ki, “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Bu isə artıq böyük siyasi qələbədir.
Görüşdə sərhədlərin delimitasiyası ilə bağlı razılıq əldə olunub. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaqdır. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu