İranda bir müddət öncə Məhsa Əmini adlı kürd qızının əxlaq polisi tərəfindən döyülüb öldürülməsinə etiraz əlaməti olaraq başlayan iğtişaşların davam etdiyi barədə xəbərlər var. Xarici KİV-lərin yaydığı məlumatlarda qeyd edilir ki, hökumət əleyhinə etiraza qalxan nümayişçilərə güc strukturları tərəfindən zor tətbiq edilməkdədir. Amma aksiyalar səngimir və paytaxt Tehran başda olmaqla digər şəhələrdə davam etdirilir.
Modern.az xəbər verir ki, etiraz aksiyalarını dəstəkləyən İran şahının mühacirətdəki oğlu Rza Pəhləvi növbəti müraciətini yayıb. Budəfəki müraciətində Rza Pəhləvi İranda aksiyaların keçirildiyi şəhər və vilayətlərin adlarını çəkərək, onların əhalisini alqışladığını vurğulayıb.
Şahın oğlu Güney Azərbaycan bölgəsinə, orada yaşayan çoxmilyonlu azərbaycanlılara da səslənərək deyib:
“Əziz həmyerlilərim,
Tehran və Əlburzun gəncləri, Kürdüstan və Kirmanın cəsurları, Sistan, Bəlucistan və Kermanşahın qəhrəmanları, Mazandaran, Gilan və Gölestan mərdləri, Xorasan, Ərak, Həmədan və Zəncanın qoçaqları, Luristan, İlam, Yasuc və Bəxtiari sakinləri, Azərbaycanın və Ərdəbilin igidləri, İsfahan, Şiraz və Yəzdin kişilər və qadınları – bütün İran oğulları...
Üç həftədən çoxdur ki, küçədəsiniz, Dahhaq (İran mifologiyasında şeytanın adı - red.) və onun tərərəfdarlarının yuxusunu ərşə çəkmisiniz. Bu gün siz dastan yazırsınız. Dünyanın gözü sizdə və İranı azad etmək üçün apardığınız cəsur mübarizənizdədir. Küçələr sizindir, siz isə tarixi qələbənin astanasındasınız. Qələbənin sirri birlik, həmrəylik və davamlılıqdadır. Küçə etirazlarını ümumxalq aksiyası ilə tamamlamaq gərəkdir. İslam Respublikası sizin ağlınızda və ürəyinizdə yıxıldı və tezliklə İran küçələrində də yıxılacaq.
Yaşasın İran!”.
Xatırladaq ki, 1979-ci ildə devirilən İran şahının ailəsi ABŞ-a qaçıb. Hazırda şahın arvadı Fərəh Pəhləvi və böyük oğlu Rza Pəhləvi Vaşinqtonda yaşayır.
İran mühacirlərinin bir hissəsi Rza Pəhləvini "şah" adlandırır. Atasının vəfatından sonra Rza Kir Pəhləvi varis kimi bu titulu götürüb.
Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusunu daşıyır.