Redaksiyamıza Salyan rayonu, Sarvan kəndinin mərhum sakini Mehdiyev Telman Vaqif oğlunun ailə üzvlərinin müraciəti daxil olub. Müraciəti olduğu kimi dərc edirik.
“1980-ci il təvəllüdlü Mehdiyev Telman Vaqif oğlu bu ilin iyul ayının 12-də gecə saatlarında Bakının Qaradağ rayonu ərazisində baş verən avtoqəzada dünyasını dəyişib. Ailənin yeganə oğul övladı olan Telman iki azyaşlı uşağını və xəstə valideynlərini yay mövsümündə özünə məxsus “Kamaz” markalı yük maşını ilə Bakıya ot bağlamaları gətirib satmaqla dolandırırdı. Həmin dəhşətli gecə Bakı Dairəvi yolunun kənarında nasazlıq səbəbindən dayanan başqa “Kamaz”la toqquşan Telman elə hadisə yerindəcə dünyasını dəyişdi. Valideynlərini gözüyaşlı, övladlarını uşaqkən yetim qoydu.
Bizim başımız faciənin şokunu yaşamağa, mərhumu dəfn edib, yas mərasimini təşkil etməyə qarışarkən işin istintaqını aparan Qaradağ rayon poliş şöbəsinin baş leytenantı Əliyev Şahsuvar qəza yerindəki “Kamaz”ı qoşqu vasitəsiylə Qaradağ dairəsinin yaxınlığında rayondan gələn maşınların dayanması üçün tikilin avtomobil dayanacağına gətirib. Daha sonra müstəntiq bizə bildirdi ki, “Kamaz” istintaq getdiyi müddətdə həmin dayanacaqda qalmalıdır. Yalnız onun icazəsindən sonra maşını götürmək mümkün olacaq.
Qeyd edək ki, hadisə zamanı boş maşınla evə qayıdan Telmanın maşınında satdığı otun pulu və sənədləri itdi. İndiyə qədər də itən əşyaların aqibəti məlum deyil. Yeganə övladını itirmiş ata-ana onsuz da bu maddi əşyaların qeydində də deyildi. Sonradan avtomobil qəzası keçirmiş həmkəndlilərimiz bildirdi ki, həmin dayanacaqda maşın saxlamaq pulladı, sizdən sonra pul tələb edəcəklər. Biz bu barədə müstəntiqdən telefonla soruşduq. Əliyev Şahsuvar əminliklə bildirdi ki, dayancaq dövlət dayanacağıdır, polisin istintaqı davam etdiyi müddətdə onlardan heç kim pul tələb edə bilməz. Zərurət bitən kimi sizə sənəd verəcəyəm, “Kamaz”ı ordan problemsiz götürərsiz. Hadisənin üzərindən 5 aydan bir az çox müddət keçəndən sonra müstəntiq bizə istintaqın bitdiyi və maşını duracaqdan götürə biləcəyimiz barədə arayış verdi.
Bildirək ki, Telmanın vəfatından sonra ailə ciddi çətinliklərlə üz-üzədi. Ailənin heç bir gəlir yeri yoxdu. İki azyaşlı uşaq, mərhumun həyat yoldaşı və yaşlı valideynləri çox cüzi həyətyanı sahənin, kiçik kənd təsərrüfatı məhsullarının gəlirləri sayəsində həyat sürməyə məcburdular. Qohumların da məsləhəti belə olub ki, “Kamaz” duracaqdan çıxarılıb satılsın və əldə olunacaq pulla ailəsinin ən zəruri ehtiyacları ödənsin.
Telmanın atası ağır xəstə olduğu üçün yeznəsi Babaşov Əfqan yaxın qohumları ilə birlikdə sənədləri götürüb dayanacağa gedib. Orda əyləşənlər bildiriblər ki, burda maşının saxlanılması pulladı - bir günə 3 manat. “Kamaz” orda 150 gündən çox qaldığı üçün 450 manat ödəniş etmək lazımdı. Yalnız ondan sonra yük maşınını aparmağa icazə verə bilərlər. Təsəvvür edirsiz? Övladını itirmiş ailə gözdağına çevrilən “Kamaz”ı aparmaq üçün əlavə 450 manat da xərcə düşməlidi. Həmin məbləğ isə bu kasıb ailənin bir aylıq dolanışıq pulundan belə çoxdu. Orda çox rica etdik ki, “başımıza gələn faciəni nəzərə alın. Onsuz da dayanacaqda yetərincə boş yerlər var. Oralarda pul qazanmaq mümkündü. Bir ailənin faciəsindən qazanc güdmək günahdır. Biz onsuz da bu maşını kefimizdən burda 150 gün saxlamamışıq”.
Amma bizim səsimizə səs verən olmadı. Müstəntiq Şahsuvar Əliyevlə telefonla əlaqə yaradıb, xahiş etdik ki, bizə kömək etsin. O da dedi ki, problemin ona dəxli yoxdu, özünüz həll edin. Əliyevdən soruşanda ki, bizim vəziyyətimizi bilə-bilə nə üçün maşını pullu dayanacağa gətirmisən, DYP-nin öz dayanacaqlarını qoymamısan, nə üçün bizə vaxtında demirdin ki, bura pul ödəyəcəyik?! - baş leytenant məsuliyyətdən yaxasını kənara çəkdi.
Problemlə bağlı dərhal “102” telefon xəttinə də zəng vurub, məlumat vermişik. Amma ordan da araşdırma aparılacağını, sonra cavab veriləcəyini dedilər. Belə çıxır ki, günü bu gün də dayanacaqdakı “sayğac” başsız bir ailə üçün 3 manatdan pul yazır. Qəzada yaxınlarını itirənlərin başı faciəyə qarışanda müstəntiqlərin onların maşınlarını pullu dayanacağa gətirir, sonra da əlbir olub insanlara maddi zərər vururlar. Ayib deyilmi? Günah deyilmi?
Sizdən xahiş edirik ki, bizə kömək edəsiz. Yeganə gəlir qaynağını, başçısını, övladını itirmiş bir ailənin harayına yetişin. Bizim səsimizi ölkə prezidenti cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, daxili işlər naziri cənab Ramil Usubova çatdırın.
Böyük ümidlərlə, mərhum Mehtiyev Telman Vaqif oğlunun ailə üzvləri adından: Babaşov Əfqan Əfrasib oğlu". (qaynarinfo.az)
MilliYol.Az
Digər xəbərlər
loading...